“Bolt” şirkəti ilə sürücülər arasında gərginlikbackend

“Bolt” taksi xidmətinin bir qrup sürücüsü neçə gündür ki, işə çıxmaqdan imtina edib. Sürücülər bir neçə gün əvvəl pik saatlarda mobil tətbiqi bağlayıblar. Bununla da şirkətin bu qaydalarına etirazlarını bildiriblər. Onların iddialarına görə, şirkət göstərilən xidmət qarşılığında ödənişləri çox aşağı göstərir. Narazılıqlardan biri də ödənişin əvvəlcədən göstərilməməsidir. Sürücülər qeyd ediblər ki, hazırda 15 sürücünün hesabı şirkət tərəfindən bloklanıb.

Taksi sürücüsü Nicat Məmmədov bizimlə söhbətdə bəzi məsələlərə aydınlıq gətirib: “Sürücü kimi  ”Bolt” proqramına qoşulub taksi fəaliyyəti ilə məşğulam.  Bu iki ildən əvvəlki müddətdə mən 3-4 il “Bolt” proqramından müştəri kimi istifadə etmişəm. Bu illər ərzində müştərilər tərəfindən yüzlərlə, minlərlə şikayətlər, narazılıqlar eşitmişəm. Mən özüm də müştərisi olduğum vaxtlarda əksər yaranan problemin səbəbini sürücülərdə görürdüm. Bu problemlərin əsasında şəxsən məndə də sürücülərə qarşı mənfi fikir formalaşmışdı. Özüm də sürücü kimi işə başlayanda bütün bunları bilərək özümə söz vermişdim ki, mən fərqli olacağam və həmin sürücülər kimi müştəriləri narazı salmayacağam. Bu həvəslə işə başladım və sonra yavaş-yavaş gördüm ki, əslində müştərilərlə yaranan bu problemlərin əksəriyyətinin mənbəyi sürücülər yox, “Bolt” özüdür. Sürücülər, sadəcə, “güzgü” effekti yaradır və müştərilər də günahı sürücülərdə görür. Bütün bunları nəzərə alaraq həm sürücü, həm də müştərilərə bu problemləri yaradan “Bolt”a boykota başlamışam. Tələblər arasındakı qiymət mövzusunda kimsə razı ola bilər, kimsə razı olmaya bilər, bu onsuz da müzakirəyə açıq mövzudur və mən də bu qiyməti şərti olaraq qeyd etmişəm. Əsas olan 3 tələbimiz var ki, hansı ki hər iki tərəfə problem yaradır.

Bəzi insanlar elə anlayır ki, sürücülər qiymətlərin qalxmağını istəyir. Bu tam olaraq belə deyil. Bizim əsas şikayətimiz odur ki, sürücüyə sifarişi verəndə müştərinin gedəcəyi yeri, qiyməti, A və B arasındakı məsafəni sürücüyə əvvəldən göstərsinlər. Bu bilinəndən sonra sürücüyə deyə bilərik ki, işləmək sərf eləmir. Bəli, ondan sonra sürücü baxacaq ki, bu mənə sərf edirsə, qəbul edəcəm, etmirsə qəbul etməyəcəm. Sürücülərə kartla olan sifarişlərdə pullarını əldə etməsində çətinliklər yaradılır. Bu mövzuda bir neçə digər şirkətlər var ki, 1-3-5-ci günlər sürücülərin pulunu kartlarına göndərir və belə olan halda da kartla olan ödənişlərdə problemlər yaşanır. Eyni zamanda qiymət məsələsi də tənzimlənməlidir. Əgər şirkət qiymətləri qaldıra bilmirsə, özü sürücülərdən tutduğu 20% komissiyanı aşağı salmalıdır. Salsın, 5-10% etsinlər. Bunlar onu da eləmir. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, öz münasibətlərini bildirmirlər. Amma indi bizə Milli Məclisdən şikayətimizi dinləmək üçün dəvət gəlib, ümid edirik ki, məsələ həllini tapacaq”.

Qeyd edək ki, “Bolt” şirkətindən məsələ ilə bağlı mediaya açıqlama verilib, qeyd edilib ki, qanunazidd hər hansı hərəkət etməyiblər.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Sürücülərin taksi operator şirkətini müəyyən saatlarda boykot etməsi normal proseduradur. Taksi operator şirkətinin bu boykotla bağlı taksi sürücülərini boykot etməsi, onlarla bu səbəbdən işləməməsi qanun pozuntusudur. Düşünürəm ki, müvafiq qurum və nazirliklər həmin o beynəlxalq taksi operator şirkətinə qarşı sanksiyalar tətbiq etməlidir. Biz də bir daha tələb edirik ki, həmin taksi şirkətləri taksi sürücülərinin aldıqları 15-25 faiz civarında olan komissiya haqqını 10 faizə qədər azaltsınlar. Bu faizlər yüksəkdir. Birbaşa olaraq Azərbaycan vətəndaşlarının əməyini istismara yönəldən faizlərdir”.