“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali Baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad olunması bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xalqımız bu tarixi günləri böyük sevinc və qürür hissi ilə qarşılayır. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkamlar quran mənfur düşmən Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb”.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Sevinc Hüseynova qeyd edib ki, Cəbrayıldan sonra Füzuli şəhərinin azad edilməsi xüsusi önəm kəsb edirdi: “Füzulinin azad edilməsi həm də şanlı ordumuzun növbəti əməliyyatları baxımından strateji önəm daşıyırdı. Çünki bu nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ilə növbəti hərbi üstünlüklər qazanılmışdı. İşğal dövründə Ermənistan Füzuli istiqamətində cəbhə xəttində bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin şanlı ordumuzun gücü və əzmi qarşısında bu mövqelər darmadağın edildi”.
Deputatın sözlərinə görə, Füzulinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri bir daha öz gücünü, döyüş əzmini nümayiş etdirərək düşməni lərzəyə saldı: “1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Bu mənada Füzulinin azad edilməsi Azərbaycan Ordusunun Horadiz əməliyyatından başlamış olduğu tarixi missiyasının davamı idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun ünvanı Şuşanın azad edilməsi xalqımız üçün şanlı bir tarix hesab edilir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şərəf və milli ləyaqət məsələsi idi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız bu tarixi mərhələdən şərəflə və ləyaqətlə çıxaraq müasir Azərbaycanın daha güclü və qalib kimi inkişafına bir yol açmış oldu”.
Sevinc Heseynova Füzuli və digər azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərindən də bəhs edib: “Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olması tarixi hadisə idi. Prezident İlham Əliyevin Füzuli şəhərində üçrəngli dövlət bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri sürətlə gedir. Dövlət başçısının Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulur və açılışları edilir. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Özbəkistan Prezidentinin təşəbüsü ilə Füzulidə inşa edilmiş orta məktəb və Qazaxıstan Prezidentinin təşəbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi türk xalqları arasında dostluğun rəmzinin məkanıdır. Əminik ki, tezliklə Füzuli rayonu da öz sakinləri ilə firavan günlərinə qovuşacaq”.