Büdcəyə nə üçün yenidən baxılır? – “Sosial xərclərin artırılma ehtimalı var”backend

Xəbər verdiyimiz kimi, 20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.İclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli iqtisadiyyatımızın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı Hökumətə verdiyi tapşırıqlar, o cümlədən, Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş müzakirə olunub.

Məsələ sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrilib. 

Dövlət büdcəsinə yenidən nə üçün baxılır?

Yenidən baxılma zamanı hər hansı dəyişikliklər olacaqmı?

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər görüləcəkdirmi?

Mövzu ilə bağlı “Yeni Gundem”-in suallarını cavablandıran iqtisadçı ekspert Eldəniz Əmirov açıqladı ki, büdcə gəlirlərinin fərqli formada həyata keçirilməsi dövlət büdcəsinə yenidən baxılmasına səbəb olur.

“2020-ci ildə büdcəyə baxılan zaman müəyyən azalmalar olub. Bu da pandemiya səbəbindən baş verib. 2021-2022-2023-cü illərdə gəlirlərin daha yuxarı formalaşması, vergi daxilolmalarından nəzərdə tutulan 1.1 milyarddan, gömrük daxilolmalarından 0.4 milyarddan çox olması dövlət büdcəsinə yenidən baxılmasına imkan verir”.

E.Əmirov bildirdi ki, dövlət büdcəsinə yenidən baxılma zamanı 3 milyard manatın büdcəyə əlavə edilməsi nəzərdə tutulur.

“Əsas xərc istiqamətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunlarına I Qayıdış Proqramının icrası olacaqdır. Daha sonra isə, hərbi-strateji sahə ilə bağlı xərclərə əlavələr ediləcək.Yəqin ki, burada sosial sahə də əksini tapacaq. Yəni müəyyən dəyişikliklər ola bilər”.

E.Əmirov vurğuladı ki, büdcəyə yenidən baxılan zaman sosial xərclərin artırılmasının ehtimalı var.

“Cari ilin dövlət büdcəsindən 15 milyard manat əhalinin sosial rifahının yaxşılaşdırılmasına ayrılıb. Bu da büdcənin 45%-dən çoxunu təşkil edir. Göründüyü kimi, kifayət qədər böyük göstəricidir. Büdcəyə yenidən baxılması zamanı sosial xərclərin artırılmasının ehtimalı var. Bu zaman ayrılan məbləğdən asılı olaraq, müəyyən artımlar ola bilər. Təbii ki, bunları dəqiq ifadə etmək çətindir. Bunlar sadəcə ehtimallardır”,-deyə o qeyd etdi.

Fərahim Rəhimov