Ceyhun Bayramov Blinkenin köməkçisini son erməni təxribatları haqqında məlumatlandırıbbackend

Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Ermənistanın təxribatları barədə məlumatlandırıb.

“Yeni Gundem” xəbər verir ki,BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə Beşinci Konfransında iştirak etmək üçün Qətərdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Sison ilə görüşüb.

Görüş zamanı regiondakı vəziyyət, ikitərəfli münasibətlər, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov görüşdə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hazırda Qoşulmama Hərəkatına və İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini, irimiqyaslı təşəbbüslərlə çıxış etdiyini qeyd edib. O, həmsöhbətinə martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının sammitinin yekunları barədə danışıb. Nazir, həmçinin Mişel Sisonu az inkişaf etmiş ölkələr üçün yardım və təqaüd proqramları barədə ətraflı məlumatlandırıb.

Bundan əlavə, Ceyhun Bayramov regionda mövcud post-münaqişə vəziyyətindən, Azərbaycanın sülh gündəmi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və quruculuq işləri, eləcə də davam edən mina təhlükəsi barədə danışıb. Bildirilib ki, Azərbaycanın sülhməramlı səylərinə baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Fərahim Rəhimov