Çilidə meşə yanğını: Ən azı 99 nəfər həlak oldubackend

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində azı 99 nəfər ölüb. Bölgədə fövqəladə vəziyyət (OHAL) elan edən Çili prezidenti Qabriel Boric yanğınların söndürülməsi üçün “bütün lazımi resursları” səfərbər etdiyini bildirib.

Fəlakət bölgəsini ziyarət edən Boric, fövqəladə vəziyyət sayəsində təcili yardım qruplarının bölgəyə daha asan çata biləcəklərini bildirib.

Yanğınların sürətlə yayıldığı üçün axtarış-xilasetmə qrupları fəlakət bölgəsinə çatmaqda çətinlik çəkir. Bölgədə indiyədək mindən çox evin yandığı açıqlanıb.

Hökumət əhaliyə meşə yanğınlarından zərər çəkmiş ərazilərə getməmək barədə xəbərdarlıq edib. Səbəbi hələ məlum olmayan meşə yanğınları ilə bağlı araşdırmalara başlanılıb.

 Ordunun da səfərbər olunduğu yanğınsöndürmə işlərində təxminən 1400 yanğınsöndürən iştirak edir.

Valparaisodakı fəlakətin Çili tarixində ən çox insan itkisinə səbəb olan meşə yanğını olduğu düşünülür.

Yanğınlardan zərər çəkənlərin əksəriyyəti yay tətili üçün ölkənin sahil zolağında olanlardır. Yay aylarında çoxlu turistin ziyarət etdiyi dənizkənarı Valparaiso şəhəri paytaxt Santyaqodan 116 kilometr uzaqlıqdadır. Çili Səhiyyə Nazirliyi daha əvvəl bölgədəkilərə xəbərdarlıq mesajı vermişdi. Nazirlik həmçinin zəruri olmayan əməliyyatların təxirə salınmasını istəyib və səyyar xəstəxanaların yaradılacağını açıqlayıb.

Universiteti bitirmək üzrə olan tibb fakültəsinin tələbələri də səhiyyə işçilərinə kömək etmək üçün fəlakət bölgəsinə təyin olunacaqlar.

Mənbə: hurriyyət.tr

Aynur Camal