COVID-19 peyvəndinin effektivliyi ilə bağlı tədqiqatın ilk mərhələsi başa çatdıbackend

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) apardığı COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bunu İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.

Onun sözlərinə görə, bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır: “Tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikada epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır”.

Q.Haqverdiyev vurğulayıb ki, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar: “Tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır. Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1 500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə – layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq”.