Əfqanıstanda ikiqat fəlakət baş verib. Güclü qar yağdıqdan sonra Nuristan və Pəncşir əyalətlərində torpaq sürüşmələri və uçqunlar baş verib. Təbii fəlakət nəticəsində azı 27 nəfər həlak olub.
Mövzu ilə bağlı Əfqanıstan müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin mətbuat katibi Molla Canan Saik açıqlama verib.
Saik Nuristan əyalətində gecə boyu yağan güclü qarın Nurqram rayonundakı Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olduğunu bildirib.
Təbii fəlakət nəticəsində çoxlu sayda evin uçqun və torpaq altında qaldığını bildirən Saik, axtarış-xilasetmə işlərinin davam etdiyini, indiyədək 25 nəfərin cəsədini tapdıqlarını, 8 nəfərin isə yaralandığını bildirib.
Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.
Əfqanıstanın mərkəzi və şimal hissələrinə təsir edən qar yağması səbəbindən bir çox yaşayış məntəqələrinə çatmaq mümkün deyil. Komandaların rayonda yol açma işləri davam edir.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal