Çoxmillətli əməliyyat elan edilibbackend

Pentaqon Qırmızı dənizdə gəmiləri qorumaq üçün çoxmillətli əməliyyat elan edib.

ABŞ müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başladığını açıqlayıb. Səbəb Yəmən husilərinin ticarət gəmilərinə hücumları olub. Əməliyyata Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, İspaniya və Seyşel adaları daxil olacaq.

Yəməndən husilərin son vaxtlar artan ehtiyatsız hücumları ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Buna görə də mən bu gün “Prosperity Guardian” əməliyyatının yaradılmasını elan edirəm”, – cənab Ostin bəyanatında bildirib.

Pentaqonun rəhbərinin sözlərinə görə, “böyük yeni çoxmillətli təşəbbüs” Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək. O, “bütün ölkələr üçün naviqasiya azadlığını” təmin etmək və “regional təhlükəsizlik və rifahı” gücləndirmək üçün Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.

Yəmən husiləri İsrail və Həmas arasında müharibə başlayandan bəri beynəlxalq sularda gəmilərə hücum edir. Husilər müharibədə Fələstin hərəkatını dəstəkləyib və İsraillə əlaqəli gəmilərə hücum edəcəyinə söz veriblər. Bunun fonunda bir çox şirkətlər Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina ediblər.

Mənbə: mail.ru

Aynur Camal