Daha bir idmançı Azərbaycan vətəndaşlığından imtina edir – FOTObackend

10 yaşlı azərbaycanlı tennisçi Ayşən Kərimli Azərbaycan vətəndaşlığından imtina etməyə hazırlaşır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə idmançının atası Əli Kərimov məlumat verib. O, vətəndaşlıqdan imtina etmələrinin səbəbləri barədə bunları deyib:

“Biz üzülərək vətəndaşlıqdan imtina etmək qərarına gəlmişik. Çünki illərdir ki, Tennis Federasiyası Azərbaycan tennisini iflic vəziyyətinə salıb. 10 yaşlı qızım 4 ildən artıqdır ki, peşəkar tennislə məşğul olur, amma oyun keçirməyə idmançı tapa bilmir. Federasiyanın vitse-prezidenti Salam Əsgərəlizadə, akademiyanın direktoru və baş katibi Bağır Əsgərəlizadə qızımın yolunu kəsirlər. Bu şəxslər uşağa dəstək olunması ilə bağlı federasiyaya gedən məktublara da doğru-düzgün cavab vermirlər. Sonuncu dəfə Milli Olimpiya Komitəsi tərəfindən federasiyaya göndərilən məktuba cavab olaraq bildiriblər ki, Ayşənin xal hesabı 0-dır. Onlar Ayşənin Rusiyada iştirak etdiyi turnirdən əvvəlki sifariş vərəqəsini göndərərək komitəyə yalnış məlumat verib aldatmağa çalışıblar. Halbuki Ayşən Rusiyada Azərbaycanı təmsil etdiyi turnirdə 3-cü yeri tutub və biz bu yarışa öz hesabımıza yollanmışdıq. Biz öz hesabımıza ölkəmizi beynəlxalq turnirdə təmsil edib uğur qazanırıq, bu adamlar qızımın Azərbaycan adına qazandığı uğuru ört-basdır edirlər. Gələcəkdə Azərbaycan bayrağını yüksəltməyə namizəd olan idmançının yolu hərtərəfli kəsilir. Səbəb nədir? Bu nəyin düşmənçiliyidir? Bütün bu səbəblər bizi artıq bu qərarı qəbul etməyə məcbur edib. Biz başqa ölkənin bayrağı altında çıxış etmək istəmirik, lakin onlar bizi buna məcbur edirlər”.

Sportlife.az