Dominikan Respublikasında leysan yağışların səbəb olduğu sel nəticəsində 3-ü uşaq olmaqla azı 21 nəfər ölüb.
“Yeni Gundem” xəbər verir ki, həftə sonu Dominikan Respublikasında təsirli olan fırtına güclü yağış və daşqınlara səbəb olub.
Fövqəladə Hallar Mərkəzinin (FHM) məlumatına görə, ölkə daxilində leysan yağışlar səbəbindən 13 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.
Bildirilib ki, ölkədə infrastruktura ziyan vuran və evləri uçuran sel fəlakəti nəticəsində azı 3-ü uşaq olmaqla 21 nəfər ölüb. Paytaxt Santo Dominqoda magistral tunelin girişindəki divarın avtomobillərin üzərinə çökməsi nəticəsində 9 nəfərin həyatını itirdiyi və hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.
Digər ölümlərin boğulma kimi hadisələr nəticəsində meydana gəldiyi öyrənilib. Səlahiyyətlilər həyatını itirənlərdən 4-nün ABŞ, 3-nün isə Haiti vətəndaşı olduğunu açıqlayıb.
Küçə və prospektlərin su altında qaldığı ölkədə bir çox avtomobili sel suları aparıb. COE-nin verdiyi açıqlamada 2500-dən çox insanın xilas edildiyi, 1600-dən çox evin qasırğadan zərər çəkdiyi qeyd edilib. Bir çox bölgədə qırmızı və narıncı xəbərdarlıq elan edilərkən, 45 rayonda rabitə xətləri kəsilib.
Ölkə prezidenti Luis Abinader leysan yağışları “indiyə qədər yaşanan ən güclü yağış” olaraq xarakterizə edərək, “İqlim dəyişikliyinə inanmayanlar inanmağa başladılar” deyib. Abinader gənclərin təhlükəsizliyini təmin etmək və məktəblərin vəziyyətini qiymətləndirmək üçün təhsilin sabaha qədər dayandırıldığını bildirib.
Xatırladaq ki, Avqust ayında isə Dominikan Respublikasında təsirli olan Franklin Fırtınasında 2 nəfər ölüb, 1 nəfər itkin düşüb, 3 min adam təxliyə edilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal