Deputat: Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə qardaşlığının növbəti parlaq nümunəsi oldubackend

“Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan-Türkiyə qardaşlığının növbəti parlaq nümunəsi oldu. 28 May Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi böyük nümayəndə heyətinin ölkəmizə səfər etməsi və festivala qatılması əlamətdar hadisədir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının nüfuzu ildən-ilə artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. İlk dəfə “TEKNOFEST”in Türkiyədən kənarda – Azərbaycanda təşkil olunması iki ölkə arasında qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da çıxışları festivalın əhəmiyyətini, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Məlumdur ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deyə bəyan etdi. Bu bəyanat Azərbaycana əlavə güc, ruh və inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Vətən müharibəsindən sonra isə tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqliyə yüksəldi. Bu amil iki qardaş ölkənin əlaqələrinin ən yüksək zirvəsidir.

Millət vəkilinin sözlərinə görə, festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qardaşlıq əlaqələrimizi çox yüksək dəyərləndirdi: “Türkiyə Prezidentinin dediyi kimi, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Vətən müharibəsində olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə bundan sonra da öz dəstəyini verəcək. Bölgədə yeni bir səhifə açmağın vaxtının çatdığını deyən cənab Ərdoğan qeyd etdi ki, hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Beləliklə, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə yalnız və yalnız irəliyə gedəcək. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. İki ölkənin qətiyyəti regionun gələcəyinin formalaşmasında da həlledici rol oynayır”.