Deputat: “Qumar oyunları yüzlərlə adamın evini yıxır”backend

“Qumarın bütün növlərinin tətbiq olunmasının əleyhinəyəm. Amma müasir dünyada bunu qapatmaqla problem çözülmür”.

Bunu millət vəkili Fazil Mustafa deyib.

Deputat vurğulayıb ki, əgər belə yerləri qapadacaqsansa, o zaman pullar başqa ölkələrə gedəcək: “Ona görə də, bunu sadəcə nəzarətə götürmək lazımdır. Yaş həddi, ailəsində problemi olan, burada  müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.

Demokrat.az