Deputat: Təlimlər ordumuzun peşəkarlığının və reaksiya gücünün artırılmasına yönəlibbackend

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda növbəti təlimlər keçirilir. Təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla qoşunların idarə olunmasına, müxtəlif ordu birləşmələri arasında döyüş uzlaşmasına və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.”

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, Müdafiə Nazirliyinin açıqlamasındakı digər önəmli məqam ondan ibarətdir ki, eyni zamanda, bu təlimlərdə qanunsuz silahlı qruplaşmaların törədə biləcəkləri təxribatların qarşısının alınması və əks fəaliyyətlə məşğul olan terrorçuların zərərsizləşdirilməsi istiqamətində təkmilləşdirilmə işlərinin aparılması nəzərdə tutulub: “Açıqlamadan da çox aydın şəkildə görünür ki, keçirilən təlimlər istər ölkə daxili, istərsə də ölkə xaricindən yarana biləcək təhdidlərin qarşısının alınması istiqamətində ordumuzun həm peşəkarlığının, həm də reaksiya gücünün artırılmasına yönəlib. Təbii ki, bu təlimlər qonşu və digər dövlətlər tərəfindən də çox obyektiv və adekvat qarşılanmaqdadır. Açıqlamalarda da qeyd edilir ki, keçirilən təlimlər regionda sabitliyə və təhlükəsizliyə qətiyyən heç bir risk yaratmır, əksinə, ümumilikdə mövcud vəziyyətin həlli, regionda sülhün, sabitliyin qorunması istiqamətində çox mühüm mahiyyət kəsb edir. Bu təlimlər haqqında xarici media və qonşu dövlətlərin müxtəlif dövlət orqanlarının rəsmiləri tərəfindən verilən açıqlamaların da şahidi oluruq.”

Millət vəkili qeyd edib ki, Azərbaycanda keçirilən təlimlər Ermənistanda birmənalı şəkildə narahatlıqla qarşılanır: “Hələ də 44 günlük Vətən müharibəsindəki Zəfərimizin nəticələri Ermənistanda çox ciddi şəkildə hiss olunmaqdadır. Düşmən ölkə sarsıdıcı məğlubiyyətdən hələ də özünə gələ bilmir. Erməni cəmiyyəti, xüsusilə də Ermənistan Müdafiə Nazirliyi keçirilən təlimlərdən çox aydın şəkildə qorxuya düşdüklərini ifadə edirlər. İşğalçı ölkənin böhran və səfalət dövrünün bəlkə də ən son həddini aydın şəkildə büruzə verdiyi bir dövrdə Azərbaycan Ordusunun bütün qoşun növlərinin iştirakı ilə keçirdiyi bu genişmiqyaslı təlimlərdən narahat olduğu ifadələrini müşahidə etsək də, bir daha təkrar etmək istəyirəm ki, bu təlimlər ümumilikdə Azərbaycan Ordusunun təkmilləşməsinə, döyüşaparma qabiliyyətinin artırılmasına yönəlib və böyük coğrafi anlamda bu bölgənin gələcəkdə sülh və sabitlik içərisində yaşamasına da çox müsbət təsir edəcək.”

Həmsöhbətimizin sözlərinə görə, təlimlər uğurla həyata keçirilir və Azərbaycan cəmiyyəti də bu təlimlərlə bağlı müsbət fikirlərini həm media, həm də sosial şəbəkələr vasitəsi ilə ifadə edir.