Deputatlar Forrest ilə görüşdülərbackend

Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Yeni Kaledoniyanın Xarici İşlər üzrə Daimi Nümayəndəsi Mikael Forrest ilə görüşüblər.

“Yeni Gundem” xəbər verir ki ,qonağı salamlayan Tural Gəncəliyev Yeni Kaledoniya nümayəndəsinin Azərbaycan parlamentində olmasından və Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatında sədrliyini yüksək qiymətləndirib və Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun zirvə toplantısının Bakıda keçirilməsinin əhəmiyyətinə diqqəti cəlb edib.

Deputat Sevil Mikayılova belə görüşlərin qarşılıqlı məlumat və təcrübə mübadiləsi baxımından üstünlüklərindən danışıb. O, Fransanın neokolonial siyasəti ilə bağlı fikirlərini bölüşüb və Yeni Kaledoniya xalqının suverenliyə nail olmaq əzmini yüksək qiymətləndirib.

Mikael Forrest səmimi münasibətə və yüksək qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin səmərəli olduğunu qeyd edib. Hərəkatın parlament şəbəkəsi də uğurla fəaliyyət göstərib.

Mikael Forrest müstəmləkəçilik siyasəti və Fransanın Yeni Kaledoniyaya qarşı törətdiyi cinayətlər barədə məlumat verib, Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsindən, Fransanın ona hər cür mane olmasından, danışıqların və həll prosesinin qarşısının alınmasından danışıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fərahim Rəhimov