Hesab edirəm bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Əgər kimsə düşünürsə ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət İmtahan Mərkəzi haqqında səsləndirilən narazılıqlara münasibət bildirərkən deyib.
Millət vəkili sözlərinə belə davam edib:
“İmtahanların çətin olması fikrinə gəldikdə isə bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Bu gün hesab edirəm ki, onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik. Valideynlərə və bizim dəyərli övladlarımıza gəldikdə isə bilməlisiniz ki, bu gün şəffaf şəkildə imtahan prosesində iştirak etdiyiniz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik”-deyə o qeyd edib.
Fərahim Rəhimov