DİN yanında İctimai Şura Tofiq Yaqublu ilə bağlı MÜRACİƏT YAYDIbackend

Daxili İşlər Nazirliyi yanında İctimai Şura dekabrın 1-də Bakıda Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərlə bağlı nazirliyə müraciət edib.

“Yeni Gündəm” şuranın sədri Əliməmməd Nuriyevin bu barədə paylaşımı təqdim edir.

Müraciətdə deyilir:

“Dekabrın 1-də Bakı şəhərində Fəvvarələr meydanı ərazisində müvafiq qaydada razılaşdırılmayan aksiyanın keçirilməsinə cəhdin qarşısının alınması zamanı bir qrup şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Saxlanılan şəxslər arasında xəsarət alanların olması ilə bağlı gün ərzində sosial şəbəkələrdə foto və video materiallar yayılıb. Saxlanılan şəxslər arasında olan Tofiq Yaqublunun KİV-də yayılan görüntülərindən onun fiziki təzyiqə məruz qalması aşkar görünür.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.

Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır”.