Direktor və müavinlər çətin durumda: – Həm vəzifəsiz, həm işsiz qalacaqlarbackend

Ölkədə bir neçə ildir ki, sertifikasiya prosesi həyata keçirilir.

İlk dəfə ibtidai sinif, daha sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyaya cəlb olundu.

Bu il isə xarici dil və riyaziyyat müəllimlərinin sertifikasiyası nəzərdə tutulur. Sertifikasiya proseslərinə hələlik yalnız müəllimlər cəlb edilir. Yəni məktəb direktorları və direktor müavinləri bu prosesdə iştirak etmir. Ümumiyyətlə, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması gözlənilirmi?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, məktəb direktoru işləmək üçün şəxsin 5 il pedoqoji stajı, pedaqoji təhsili olmalıdır:

“Əgər şəxsin elmi dərəcəsi varsa, 2 il pedaqoji staj da kifayət edir. Yəni müəllim məktəb direktoru ola bilər. Hazırda sertifikatlaşdırma prosesi gedir. Direktor və direktor müavinləri fənn olaraq sertifikasiyaya buraxılmır. Bu da onunla əsaslandırılır ki, əmək münasibətlərinin elektron informasiya sistemində onların vəzifəsi direktor və ya müavin kimi gedir, müəllim kimi yazılmır. Ancaq hazırda məktəblərin birləşdirilməsi gözlənilir. Yaxud işdən çıxarılan direktor və ya direktor müavilərinin taleyi necə olacaq? Çünki qanunvericiliyə görə, sertifikasiyadan keçməyən şəxslər müəllim kimi dərs deyə bilməzlər. Nəticə etibarilə, direktor və direktor müavinləri məktəblər birləşdikdən, yaxud işdən çıxarıldıqdan və ya özləri işdən çıxdıqdan sonra artıq çüəllimlərin işə qəbul imtahanlna getməlidirlər. Çünki onlar müəllim olmadıqlarına görə yerləşdirilmələri mümkün olmayacaq. Onlar sertifikasiyadan keçməyiblər, müəllim işləmək hüquqları yoxdur”.

Bu baxımdan təklif edilir ki, direktor və direktor müavinlərinin öz fənni üzrə sertifikasiyada iştirakı könüllü olaraq təmin edilsin:

“Heç bir şəxs vəzifədə ömürlük qalmır və onların vəzifədən çıxdıqda onların yenə də müəllim işləmək hüququ olsun. Regionlarda məktəblərdə heç də lazımi qədər vakansiya yoxdur ki, o, öz kəndində, yaxud da yaxın ərazidə işləsin. Məktəb direktorları da kifayət qədər yaşlı insanlardır ki, onlar gənc müəllimlər kimi uzaq məsafədə gedib müəllim işləməsi çətin məsələdir. Nəticə etibarilə, bu, həmin direktor və direktor müavinlərinin yaxın gələcəkdə təhsildən və məktəb sistemindən getməsinə gətirib çıxaracaq. Ona görə də hazırda hansı fənndən sertifikasiya keçirilirsə, o fənn üzrə ixtisası olan direktor və direktor müavinlərinin könüllü şəkildə iştirakı təmin edilsin ki, onların müəllim statusu saxlanılsın”.

Ekspertin sözlərinə görə, direktor və direktor müavinlərinin, digər işçilərin hərəsi öz vəzifəsi üzrə sertifikasiyadan keçməlidir:

“Həmin mexanizm hazır deyil. Çünki təhilverənlərin sertifikatlaşma qaydaları Nazirlər Kabinetinin 30 aprel 2020-ci il 155 nömrəli qərarı ilə təsdiq olunub. Orada yalnız müəllimlərin sertifikasiyası göstərilib. Yəni qərar yarımçıqdır. O ki qaldı müəllimlərin hazırlığa getməsinə, əslində bu absurddur, utancverici bir haldır.

Sertifikasiya işə qəbul deyil, müəllimlərin hazırki peşəkarlığını yoxlayır. Müəllim əgər başqa bir müəllim yanına hazırlığa gedirsə, bu, o deməkdir ki, onun peşəkarlığı lazımi səviyyədə deyil. Ancaq bundan çox da faciə düzəltmək də olmaz. Hazırlığa gedən müəllim nəsə öyrənirsə, nəticə etibarilə sonrakı müddətdə onu dərsə, tədrisə tətbiq edəcək. Sonda qazanan təhsil sistemi olacaq. Ancaq kim deyir ki, müəllim mütləq hazırlığa getməlidir? Sertifikasiya müəllimin hazırki peşəkarlıq səviyyəsini yoxlayır. Müəllimin hazırlığa getməsi o deməkdir ki, onun peşəkarlıq səviyyəsi aşağıdır”.