Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edibbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 21-də Sumqayıt şəhərində Sumqayıt və Abşeronda müvəqqəti məskunlaşmış, həmçinin Qubadlı rayonundan olan məcburi köçkünlərlə görüşüb.

“Yenigundem” xəbər verir ki, qəbulda iştirak edən məcburi köçkünlər, əsasən, mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinət və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.

Vətəndaşlara məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin və digər sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqətindədir. Sumqayıt şəhərində yataqxana binalarında məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində ayrılmış torpaq sahəsində birinci mərhələdə 1000 ailəlik qəsəbə salınır və tezliklə istifadəyə veriləcək. Birinci vitse-prezident təyin edildikdən sonra keçirdiyi ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edən Mehriban xanım Əliyevanın yeni mənzillərə, ilk növbədə, ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı tapşırığı uğurla icra olunur.

Qəbulda vətəndaşların müraciətləri qeydə alınıb, onların bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.