Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş keçirilib.
Milli Məclisin deputatı Mahir Abbaszadə sözü gedən görüşlə əlaqədar Kanal 20 TV-yə açıqlama verib.
Azərbaycanda müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin formalaşması istiqamətində mühüm addımlar atılır.
Deputat bildirib ki, bu məsələlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi rolu var:
“Azərbaycan hakimiyyəti hər zaman ölkədə siyasi sabitliyin, partiyalar arasındakı siyasi münasibətlərin normal müstəvidə olması üçün lazımi addımlar atır. Əslində, 44 günlük Vətən müharibəsi dövründə milli maraqları siyasi mənafedən üstün tutan bütün siyasi qüvvələr eyni mövqedə oldular.
Azərbaycan xalqı da hər zaman milli maraqları öndə tutan siyasi qüvvələrin yanındadır. Kimlərsə bu birliyi pozmağa, guya, ölkədə siyasi sabitliyin olmadığı barədə fikir formalaşdırmağa çalışsa da, bu cəhdlər uğursuz olur. Onsuz da, siyasi sabitliyin qüvvələrarası sağlam dialoqun olmaması istəyən xarici qüvvələr burada hansısa anti-milli tərəfdaşlar tapırlar. Ancaq artıq Azərbaycan xalqı həmin qüvvələrin kim olduğunu yaxşı bilir. Ona görə də, bu kimi siyasi partiyaların ətrafında 3-5 nəfərdən başqa heç kim yoxdur.
Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə iştirak edən bütün siyasi partiyalar sərbəst şəkildə öz fikirlərini ifadə edir, qarşılaşdıqları problemlərdən danışırlar. Və həmin problemlərin həlli istiqamətində də müzakirələr aparıldı. Məhz bu səbəbdən demokratik mühitdə təşkil olunan bu muzakirəni ölkəmizin siyasi həyatında və gələcəkdə siyasi dialoqun yaranması və inkişaf etməsi baxımından vacib görüş hesab edirəm.
Bir daha qeyd edim ki, ortada bir siyasi iradə var. Azərbaycanın milli və dövlət maraqlarında uyğun olan bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək. Mövcud sağlam siyasi dialoq mühiti göstərir ki, ölkəmizdə demokratik ənənələr lazımi istiqamətdə inkişaf edir, – deyə deputat qeyd edib.