Yanvarın 9-da saat 17 radələrində 1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan “Yeni Gündəm”-ə daxil olan məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib̧, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Qurbanov Kamil Duranxan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla İmran Səfərova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Kamil Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.