DYP-dən MÜRACİƏTbackend

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məktəblərin açılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

DYP-dən daxil olan müraciətdə deyilir:

“Sabahdan etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.

Eyni zamanda piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik”.