Son vaxtlar susuzluqla bağlı əvvəlki qədər çox danışılmır. 2023-cü ildə məsələ çox müzakirə olunurdu. Hətta dövlət orqanları da böhran vəziyyətinin yarandığını gizlətmirdi, bir növ etiraf olunurdu. Məsələ bir az arxa plana keçib. Hərçənd, situasiya qətiyyən dəyişməyib. Azərbaycanda quraqlıq riski çox artıb. Yaxın illərdə vəziyyət daha pis ola bilər. Hadisələrin gedişi bunu göstərir.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində çıxışı zamanı durumun çox pisləşdiyini bildirib. Burada kosmosdan müşahidələr haqda danışılıb. Kür çayında su hövzəsinin ensizləşməsindən söz açılıb. Kosmosdan müşahidələr göstərir ki, susuzluqla bağlı problem yalnız artan xətt üzrə istiqamət alıb. Yəni yaxşılığa doğru heç nə dəyişmir.
Azərbaycanda quraqlıq riskindən 2022-ci ildə danışılmağa başlanılmışdı. Məlum olmuşdu ki, Azərbaycanın əsas su mənbəyi hesab edilən Kür çayının Neftçala və Salyan hissəsi quruyur. Çayın Xəzərə tökülən hissəsində şirin suyu dəniz suyu əvəzləmişdi. Sözün əsl mənasında ekoloji problemdən söhbət gedirdi. Ekspertlər buna çox ciddi yanaşmağı tövsiyə edirdi. Dövlət qurumları özünü elə göstərirdi ki, guya məsələyə həssas yanaşırlar, problemin həlli haqqında düşünürlər. Amma geridə qalan zaman bunun belə olmadığını göstərdi.
Ölkədə susuzluq problemi heç cür həllini tapmır. Quraqlıq riski zamanla daha da artır. Yağıntıların miqdarı bir az artan kimi dövlət qurumları ümidverici mesajlar verməyə başlayır. Halbuki dəyişən bir şey olmur. Çıxıb deyirlər ki, hər şey yaxşı olacaq, buzlaqlar əriyəcək, Kürün suyu artacaq. Ümumiyyətlə, dövlət qurumları quraqlıq riski ifadəsini çox da ürəklə dilə gətirmirlər. Yəni ifadədən xoşları gəlmir. Çünki məsələ fırlanıb işin pis təşkilinə gəlib çıxır. Məsul şəxslər cəmiyyəti inandırmağa çalışır ki, bütün dünyada bənzər problem yaşanır, bizim ölkədə müşahidə edilənləri böyütmək lazım deyil.
Bir neçə il sonra vəziyyət lap ağırlaşacaq. Suyun ədalətli bölüşdürülməməsi, tədbirlər planının olmaması, pambıq sahələrinə, aqroparklara görə resursların israf olunması özünün sərt üzünü göstərəcək. Torpaq sahələri “su” deyib nalə çəkəcək. Heç özümüz də içməyə su tapmayacağıq. Bunu anlamaq çətin olmamalıdır.