“Əkinçi” dən bu günə -148 illik şərəfli yolbackend

Bu gün Azərbaycanın juristləri bayramını qeyd edir. Bu gün adi yaxud sadə günlərdən deyil. Bu günün xalqımızın inkişafı üçün çox böyük xidmətləri var. Həm də 148 illik…

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Zərdabinin ideyaları hər addımda irticanın sərt qayaları ilə toqquşub. “Əkinçi” çar hakim dairələrinin müqavimətini qırmalı olub, yerli irticaçılarla mübarizəyə girib, onları tutarlı mühakimələrlə susdurub. Məlumatlarda qeyd olunur ki, həmin dövrdə əməli işlər, maddi-texniki qaydalar daha çox olub. Buna görə də, “Əkinçi”nin hökumət mətbəəsində nəşri prosesində ortaya müxtəlif süni əngəllər çıxıb. Qəzetə xəbər yazan müxbirlər də kifayət qədər olmayıb. Sonralar Həsən bəy Zərdabi yazıb ki, “köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq”.

Müxtəlif dillərdə yazılmış məqalə və xəbərləri isə Həsən bəy Zərdabi özü Azərbaycan dilinə tərcümə edirdi. Şəkillərin verilməsi isə poliqrafik şərait olmadığından bu işi həyata keçirmək mümkün olmurdu.

Yeri gəlmişkən, bəzi məlumatlara görə, Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin vəziyyəti barədə düzgün təsəvvür yaratmaq üçün Avropa mətbuatı, xüsusilə, Londonda çıxan “Tayms”la öz qəzetini müqayisə edib. Böyük ədib yazırdı: “Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm… Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa (nəşr etməyə) adamı yoxdur”.

Təsadüfi deyil ki, o zaman Bakıya gəlmiş bir fransız jurnalisti “Əkinçi”nin çap olunduğu şəraiti gördükdə Həsən bəy Zərdabiyə deyib: “Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, Siz öz xalqınızı çox sevirsiniz!”

Tarixi materiallardan da bəlli olduğu kimi, “Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet, “Ziya” qəzeti çıxıb. 1879-1884-cü illərdə işıq üzü görən bu qəzet “Əkinçi”nin ideya və ənənələrini davam və inkişaf etdirib. Belə ki, əgər “Əkinçi” qəzeti yeni tipli məktəblərin açılması və onlara uyğun dərsliklərin yazılması, müəllim kadrların hazırlanması məsələsini qaldırırdısa, “Ziya” qəzetinin naşiri (sonralar həm də redaktoru) Səid Ünsizadə bu tipli bir məktəbi Şamaxıda 1875-ci ildə açıb.

İlk nömrəsi 1879-cu il yanvarın 16-da çıxan və həcmi 4-8 səhifə olan qəzet həftədə bir dəfə litoqrafiya üsulu ilə çap olunub. 1880-cı ilə qədər 76 nömrəsi buraxılan qəzet həmin ilin dekabrın 6-dan etibarən, “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başlayıb. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunub. Onun nəşri 1884-cü il iyunun 1-dək davam edib və bu müddət ərzində qəzetin 104 nömrəsi çıxıb. “Ziyayi-Qafqasiyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunub. Bu proqramda ictimai-siyasi problemlərə də geniş yer verilib. Lakin sözügedən qəzet öz sələfi ilə müqayisədə irəliyə doğru elə bir ciddi addım ata bilməyib.

Məmmədağa Şahtaxtlının 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi  yönlü  “Şərqi-rus” qəzeti XX əsrdə Azərbaycan dilində çıxan ilk qəzet kimi tarixə yazılıb. Məmmədağa Şahtaxtlı Qərbi Avropaya və Mərkəzi Rusiya qəzet və jurnallarında səmərəli fəaliyyət göstərərək jurnalistikanın Qərb standartlarına da kifayət qədər bələd olub. Odur ki, o, “Əkinçi” ənənələrinə sadiq qalaraq xalqın maariflənməsi, qadın azadlığı, fanatizmin tənqidi, cəmiyyətdə demokratik prinsiplərin formalaşması, yeni ədəbi normaların möhkəmlənərək geniş şəbəkəni əhatə etməsi və s. uğrunda əzmlə mübarizə aparıb. Məlumatlara əsasən, M.Şahtaxtlı M.F.Axundovun ərəb əlifbasının islahı sahəsində başladığı işi həm də dilçi bir alim kimi inkişaf etdirib özünün hazırladığı Məhəmmədağa xəttini “Şərqi-rus” vasitəsilə əməli şəkildə tətbiq edib. M.Şahtaxtlı jurnalistikanın demokratik prinsiplərini də öz qəzetinin səhifələrində əməli şəkildə tətbiq edib, o, həm özünün əlifba layihəsi, həm də qəzetdə qaldırılan digər sosial-mədəni problemlər haqda “Şərqi-rus”un səhifələrində açıq polemik diskussiyalara meydan verib.

1906-cı il aprel ayının 7-də Tiflisdə “Molla Nəsrəddin”in işıq üzü görməsi milli mətbuatın inkişafında əlamətdar hadisəyə çevrilib. 1918-ci ilədək Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunub. “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin tənqid edib. Qısa bir zamanda oxucu dairəsi genişlənən jurnalın şöhrəti Qafqazın hüdudlarını aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta Şərqə yayılıb. Eyni zamanda, bütün təqib və təzyiqlərə baxmayaraq, jurnal 25 il müddətində fəaliyyət göstərə bilib. Bu jurnalın nəşri müddətində formalaşan “Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük təsir göstərib. Jurnalın yaradıcıları olan Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə tezliklə şair Mirzə Ələkbər Sabir, realist ədəbiyyatın nümayəndələri Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Salman Mümtaz və s. kimi onlarca istedadı redaksiya ətrafına toplayıblar.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Üzeyir bəy Hacıbəyovun nəşr etdirdiyi “Azərbaycan” qəzeti müstəqil mətbuatın inkişafında mühüm hadisə olub. Lakin Cümhuriyyətin ömrünün uzun olmaması müstəqil milli mətbuatın tam formalaşmasına imkan verməyib. Buna baxmayaraq, qeyd etməliyik ki, ölkədə Sovet hakimiyyəti bərqərar olunanadək Azərbaycan milli mətbuatı çox böyük və zəngin inkişaf yolu keçib.

Sovetlər dönəmində Azərbaycanda qəzetlərlə bərabər, müxtəlif səpkidə jurnalların nəşri də geniş vüsət almışdı. Sovet hakimiyyətinin ilk illərində çap olunan jurnallar sırasında “Füqəra füyuzatı” (1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının Əxbarı” (1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922) və başqalarının adını çəkmək olar. Bu jurnallarda ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir çox məqamlar öz əksini tapsa da, müntəzəm olaraq ədəbi-bədii, elmi və əxlaqi-tərbiyəvi mövzularda yazıların nəşr edildiyi, irihəcmli, ictimai-siyasi və elmi jurnala ehtiyac hiss olunurdu.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin madd Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.i-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediaya dövlət dəstəyinin sferası çox genişdir. Bu gün qalib Azərbaycanın qalib mediası var. Dünən Şuşada işinə başlayan Qlobal Media Forumu bunun əyani sübutudur.

Əziz həmkarlar bayramımız mübarək!

Qələmlərimiz möhkəm və iti olsun!

Fərahim Rəhimzadə

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi