Ekspertdən çağırışbackend

“Qazaxıstanda baş verənlər çox üzücü və narahatvericidir. Faktiki 1990-cı ildən 32 il keçməsinə və İKT inkişaf etməsinə baxmayaraq, bu gün qazax xalqı faktiki 20 yanvar 1990-da azərbaycan xalqının yaşadığını yaşayır.

Qazaxıstanda bütün kommunikasiya vasitələri kəsilərək, gerçəklərə embarqo qoyulub və bizim kimi kənar cəmiyyətlər yalnız rus mediasının propoqandasının təsiri altında hadisələri izləməkdə və qiymətləndirməkdəyik. Bu gün Azərbaycan radio efirlərində (yəqin ki, bütün rəsmi resurslarda) rus mənbələrinin yaydığı xəbərləri səsləndirən spikerləri dinləyəndə, “26 terrorçu öldürülüb” – deyəndə yenidən 32 il öncə yaşadığımız o qanlı şənbə gecəsinə döndüm. 20 yanvar gecəsi sivil xalqı tankların tırtırında əzən, birbaşa nişangaha alıb güllələyən qanlı rus ordusu rəsmi yaydığı məlumatlarda azadlıq istəyən Azərbaycan xalqına  “terrorçu”, “ekstremist” deyirdi və öldürülənlərin “terrorçu”, “ekstremist olduğunu dünyaya yayırdılar…”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

Ə.Məmmədli qeyd edib ki, ölkə Konstitusiyasını kobud şəkildə tapdayıb, heç bir beynəlxalq və yerli hüquqa söykənməyən KTMT pərdəsi altında rus xüsusi təyinatlılarının ölkəyə soxan Tokayev əslində hakimiyyət hərisliyi ilə vətənə xəyanətə imza atıb: “Gec-tez bu informasiya kirliliyi keçəcək-durulacaq, geridə gerçəklər qalacaq. Eyni ilə “20 yanvar” həqiqətləri kimi. Buradan mediaya, jurnalistlərə səslənirəm, etibar etmədiyiniz mənbələrdən aldığınız məlumatları həqiqət kimi tirajlamayın, ya öz mənbələrinizlə təsdiqlədin, ya da propaqandaya vasitəçilik etməyin. Rus mediasının media yox, propoqanda aləti olduğunu unutmayaq”.