Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Ölkəmiz Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər ölkəmizdə 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
Almaniyada mətbuat konfransında çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Ölkəmizin Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. Azərbaycan 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindədir. Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb.
Almaniyada mətbuat konfransında çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.
Almaniyada mətbuat konfransında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ölkə başçısı vurğuladı ki, Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz yanaşmadır. Hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, Azərbaycanda media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır.
Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında isə bildirdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Ölkəmiz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və görülən işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətinin əlaməti hesab edir.
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı ölkə başçısı qeyd etdi ki, Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat təşkil edəcək. Bu potensialdan istifadə edərək, Azərbaycan qaz istehlakını əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcək. Nəticədə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. yap.az
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı