Elçin Sadıqov: “Həbsdən çıxdıqdan sonra öyrəndim ki, Vəkillər Kollegiyası mənim işimlə yaxından maraqlanıb”backend

“Hazırda vəkillik fəaliyyətimlə bağlı hər hansı maneə yoxdur. Lakin barəmdə cinayət təqibi davam edir, telefonlarım hələ də istintaqda saxlanılır”.

Bunu vəkil Elçin Sadıqov deyib.

Onun sözlərinə görə, həbsdə olduğu müddətdə Vəkillər Kollegiyası məsələni diqqətdə saxlayıb.

“Ev dustaqlığına buraxıldıqdan sonra öyrəndim ki, Kollegiya mənim işimlə yaxından maraqlanıb, hətta azadlığa çıxmağım üçün müəyyən işlər görüb. Mən Vəkillər Kollegiyasının sədri Anar Bağırovla da telefonla danışdım. O, hazırda Azərbaycanda deyil, ölkəyə qayıtdıqdan sonra sədrlə görüşəcəyik”, – deyə vəkil qeyd edib.

Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə E.Sadıqov barəsindəki həbs qətimkan dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

E-huquq.az