“Əlilliklə bağlı dəyişikliklərin məqsədi qənaət deyil”backend

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliklə bağlı dəyişikliklərin hər hansı qənaətə hesablanmadığını bildirib.

“Yeni Gündəm”-in məlumatına görə, M. Quliyev çıxışında həmkarlarının məsələ ilə bağlı suallarını cavablandırıb: “Bu 30 faiz məsələsi dünya praktikasında da belədir. Ola bilər ki, 30 faiz nəticəsində orqanizmin funksiyası pozulacaq, ancaq bu şəxsin əmək və həyat fəaliyyətinə təsir etməyəcək. Ancaq şəxs iş prosesini yerinə yetirərkən xəsarət alıbsa, bu zaman əlillik təyin olunacaq.

Bu dəyişikliklərin daha çox qənaət rejiminə xidmət etdiyi səsləndirilir. Əksinə, bununla daha çox vətəndaşımızın sosial pensiyalar almağı mümkün olacaq. Qanun qəbul edildikdən sonra Nazirlər Kabineti bu məsələdə 800 meyar üzrə qərarı təsdiq edəcək.

Hər kəs o qərara baxaraq orqanizminin funksiyalarının neçə faiz itirdiyini görə biləcək. Ona görə də dəyişikliklərin məqsədi vəsaitə qənaət edilməsi deyil. Bilirik ki, son 3 il ərzində Cənab Prezidentin qərarları ilə sosial sahəyə artırılan vəsaitlər artırılıb”.