Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…backend

Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib.

“Yeni Gundem”-in məlumatına görə, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş. Qurbanov küçəsi 19 ünvanında yerləşən “Nizami Mall” ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini “Trend 34” mağazasının qarşısında saxlayıb.

Maşını düymə ilə işə salınıb-söndürüldüyü üçün o, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünüb, bundan sonra mağazaya giriblər. Bu zaman muğam ifaçısının xanımı Sənubər Niftəliyeva özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoyub. 50 manat dəyərin olan çantada 920 manat pul olub.

Alış-verişdə pulu çatmayan müğənni təxminən yarım saat sonra avtomobilin yanına qayıdaraq, həyat yoldaşının çantasından pul götürmək istəyib. Lakin çantanın yerində olmadığını görüb. Bundan sonra DİN-in 102 məlumat xidmətinə məlumat verib.

Polisin apardığı araşdırma zamanı hadisəni 1991-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş və 2022-ci ildə Milli Məclisin qəbul etdiyi Amnistiya aktına əsasən azadlığa buraxılan Səbuhi Səfərovun (soyad şərti) törətdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Səbuhi Səfərov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Babək Niftəliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, hələlik dəymiş ziyan ödənilməyib. Hadisəni törədən şəxs isə cəzasını çəkəcək.