Əməkdar Mədəniyyət işçisi,Azərbaycan kinosunun veteranı-Zemfira Babayeva vəfat edib.
Əməkdar Mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumat İttifaqdan bildirilib.
Zemfira Babayeva 17 noyabr 1954-cü ildə Bakıda anadan olub.
Uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib və ömrünün axırına qədər də sözü gedən ittifaqda çalışıb.
Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu işlərin və layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu günləri (2001-ci il) , İsveçrə Kinosu günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə həsr olunmuş açıqca və sd diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011-ci il), Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi və s. Zemfira Babayevanın uğurlu layihələrindəndir.
Onu da qeyd etmək və vurğulamaq gərəkdir ki , fəaliyyəti sadəcə kino ilə məhdudlaşmayıb, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edib. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynayıb.
Allah rəhmət etsin və məkanı uca olsun!
Ayşən Rəhim