“Əminin belə bir hərəkət etməsi nə deməkdir?”backend

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda azyaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirib.

“Yeni Gündəm” xəbər verir ki, komitə sədri bildirib ki, bu hadisəni təəssüflə qarşılayıb: “Hər gün yeni sürprizlə qarşılaşırıq. Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu, ağılasığmayan məsələdir. Belə məsələlərə hüquqi müstəvidə cavab verməliyik. Cəzalanmanı cəmiyyət də adekvat qəbul etməlidir.

Biz rast gəlirik ki, cəmiyyət komitənin kimisə cəzalandırmağını ailə qurmağa maneə kimi qiymətləndirir. Yevlaxda olan məsələ də komitənin diqqətindədir. Baş verən andan məsələyə müdaxilə etmişik. Hüquq-mühafizə orqanları ilə birgə bu prosesə cəlb olunmuşuq. İndiki halda hüquqi dəyərləndirmədən sonra biz onun psixoloji durumu və gələcək taleyi ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik”

Komitə sədri Ağdamda X sinif şagirdi olan qızın qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki,  komitənin Ağdamda mərkəzi var: “Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür”.

Xatırladaq ki, Yevlaxda 40-dan çox yaşı olan əmi 13 yaşlı qardaşı qızını qaçıraraq ona qarşı zorakı hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3 (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qafqazinfo