Oktyabrın 2-si Tərtər rayonunun Sarov kəndində cinayət baş verib.
“Yeni Gundem”in məlumata görə, 1983-cü il təvəllüdlü Kərimov Yaməddin Məhiyəddin oğlu qətlə yetirilib.
Sözügedən şəxsə evinin yaxınlığında iki bıçaq zərbəsi yetirilib. Mərhum aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qətlin törədilməsində iki nəfər ittiham olunur: 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğlu və öldürülən şəxsin qardaşı oğlu Cavad Kərimov. Z.Abbaszadə Y.Kərimova bıçaqla hücum edib, C.Kərimov isə qətlin şahidi olub.
İlkin araşdırma zamanı gənclərin Y. Kərimovu yeyib-içməyə çağırdıqları məlum olub. Y. Kərimov razılaşıb və onlarla birlikdə gedib. Ehtimala görə, qardaş oğlu əmisini sərxoş edərək mal-qarasının satışından qazandığı pulu mənimsəmək istəyib.
Sərxoş olan Z.Abbaszadə və C.Kərimov zərərçəkəndən pul tələb etməyə başlasa da, Y. Kərimov təzyiqlərə təslim olmayıb. Belə olan halda tərəflər arasında qətllə nəticələnən münaqişə yaranıb.
Qeyd edək ki, ilkin dindirmə zamanı şübhəli şəxslər qətli qısqanclıq zəminində törətdiklərini bildirərək bəraət qazanmaq istəyiblər.
Rayon prokurorluğu faktla bağlı cinayət işi açıb.