Cənubi Asiya ölkəsi Taylandda ay təqviminə görə ilin sonuncu tam ay gecəsində qeyd olunan Üzən Fənər Festivalı (Loy Krathong) bu il də böyük marağa səbəb olub. Paytaxt Banqkokda şəhər parkları və kanal ərazilərində qurulan festival sahələrinə yüzlərlə yerli və xarici insan qatılıb. Ənənəvi paltar geyən Taylandlılar çaylarda, göllərdə və dənizlərdə ‘krathong’ adlı əl istehsalı üzən fənərlər qoyub, arzularını bildirib.
Suyun kənarında qurulan tövlələrdə rəngli əl işi üzən fənərlərin sərgiləndiyi festivalda banan ağacı yarpaqları, lotus çiçəkləri, şamlar və buxurdan hazırlanmış ‘təbiətə həssas’ dizaynlar diqqət çəkib. Balıq yemi, çörək, cips, kokos qabıqları və hətta müxtəlif meyvələrdən hazırlanmış üzən fənərlər iştirakçılar tərəfindən Tailand sularına buraxılıb.
Taylandın Turizm və İdman Naziri Sudawan Wangsuphakijkosol festivalla bağlı verdiyi açıqlamada, “Taylandın ən rəngarəng festivallarından biri olan Loy Krathong, Tayland mədəniyyətini ölkədə və dünyada tanıtmaq üçün təşkil edilən əyləncəli bir tədbirdir. Bu ilki festival pandemiyadan sonra Tayland hökumətinin turizmi stimullaşdırmaq səylərinin əksidir. Və bu, mühüm bir hissəni təşkil edir” deyib.
Banqkok Böyükşəhər Bələdiyyəsinin bu gün verdiyi açıqlamada, gecə boyu kanallarda aparılan təmizlik işləri zamanı 640 min üzən fənər toplandığı bildirilib. Açıqlamada bildirilib ki, toplanan fənərlərin 96,7 faizi təkrar emala yararlı materiallardan hazırlanıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal