Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil edilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verirbackend

Azərbaycan xarici siyasətinin təməllərindən biri də bütün beynəlxalq təşkilatlarda və forumlarda müsəlman qardaşlarını daim dəstəkləməkdir. Respublikamız istər BMT-də, istərsə də rəhbərlik etdiyi 120 ölkəni birləşdirən və müsəlman ölkələrinin də təmsil olunduğu Qoşulmama Hərəkatında bu siyasətə sadiq qalıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
O bildirib ki, ölkələrin ərazi bütövlüyünə və milli dəyərlərinə hörmət, daim sülh tərəfdarı olmaq Azərbaycanın xarici siyasətində əsas prioritetlərdəndir. Heç bir dini və milli ayrı-seçkilik qoymadan həyata keçirilən bu siyasət ölkəmizi regionda və dünyada etibarlı tərəfdaş kimi söz sahibi edir.
Cəbi Quliyev qeyd edib ki, Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi üzvü statusunda fəaliyyətini davam etdirməklə yanaşı, bu təşkilatla əlaqələrin genişləndirilməsində maraqlı tərəf kimi öz siyasətini həyata keçirir. Azərbaycan islami dəyərlərin qorunub saxlanıldığı ölkə kimi tanınır. Bu sahədə həyata keçirilən siyasət ölkəmizi İslam dünyasının ayrılmaz hissəsinə çevrilib. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və həmin il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. 2009-cu ildə ölkəmizin paytaxtı Bakı şəhəri, 2018-ci ildə isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi öz missiyasını uğurla həyata keçirib.
Ölkəmizin 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarını BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz imkanları ilə azad etdiyini vurğulayan Milli Məclisin deputatı diqqətə çatdırıb ki, torpaqlarımızın işğalı dövründə erməni vandalları təkcə Azərbaycanın deyil, ümumilikdə, İslam dünyasının dəyərləri sayılan 67 məsciddən 65-ni tamamilə dağıdıb, İslam mədəniyyəti nümunələrini, qəbiristanlıqları yerlə-yeksan edib. Bu vandalizm aktı isə terrorçu Ermənistan dövlətinin islamafob mahiyyətini bir daha təsdiqləyir. Torpaqlarımızda həyata keçirilən vandalizm bir daha sübut etdi ki, İslama, ümumiyyətlə, hər hansı bir dinə məxsus məbədə zərər vuran, onu təhqir edən ermənilər müsəlmanların, geniş mənada xalqların dostu ola bilməz. Çünki bütün bu faktlar ermənilərin böyük nifrətinin, qərəzli mövqeyinin və islamafob münasibətinin bariz nümunəsidir. Bu gün Azərbaycan Böyük Qayıdış adlı proqramı icra edir. Bu proqramla ölkəmiz öz resursları hesabına işğaldan azad edilmiş ərazilərini bərpa edir, orada geniş abadlıq-quruculuq işləri aparır. Dağıdılmış İslam mədəniyyəti abidələrinə, məscidlərimizə yenidən həyat bəxş olunur.
“Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bu əməkdaşlıq platforması imkan verdi ki, dövlətimizin başçısı Azərbaycan həqiqətlərini bir daha bütün dünyaya bəyan etsin”, – deyən Cəbi Quliyev vurğulayıb ki, son aylar ərzində Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir.