28 iyul Xalq artisti Nəcibə Məlikovanın anım günü idi.
Sfera.az kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.
Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanım qardaşı – böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutulandan sonra onun da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.
Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.
***
Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edir. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olunur.
“Ögey ana” filmindən kadr
Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. Cəfər Cabbarlının “Yaşar” əsərinin tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.
***
Elə Gəncədə işlədiyi zaman Nüsrəddin adlı imkanlı ailədən olan bir kişi ilə tanış olur. Nüsrəddin o zaman bir dəfə ailəli olub sonra ayrılır. Bu evlilikdən isə onun oğlu da doğulur. Lakin, Nəcibə xanım Nüsrəddinlə tanış olan ilk gündən ona bağlanır və qarşı tərəfin evlilik təklifinə razılıq verir, evlənirlər.
Aktrisa gənclik illərində
Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Burda Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.
***
Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Aydın”ında Böyükxanım, “Sevil”də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin sənət taleyində bir xətt kimi keçir. “Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” pyesində Məlahət, M. F. Axundzadənin “Lənkəran xanının vəziri”ndə Şölə kimi obrazlara imza atıb.
Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Həcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.
Fuad Əsədov Nəcibə xanımın ölümündən çox-çox sonralar verdiyi müsahibəsində deyir: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.