Ermənilər Azərbaycan polisini və əsgərini Xankəndində gözləyirlərbackend

Ermənistan iqtidarında “ölkənin sülhdən başqa yolu və xilası yoxdur” düşüncəsi hakim kəsildikcə, sülh sazişinə doğru addımladıqca, erməni xalqında pessimist ovqat da artır. Erməni cəmiyyəti rəsmi Bakının Qarabağda vəziyyəti tam nəzarətə alacağı əndişəsi altındadır.

Bu səbəbdən baş nazir Nikol Paşinyana təzyiqləri artırıblar. Qarabağda 44 günlük müharibə zamanı həlak olan 19 erməni hərbçinin valideynləri Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbi ilə Ermənistan Baş Prokurorluğuna müraciət edib.

“Baş nazirin açıqlamaları 2020-ci ildə Qarabağda hərbi əməliyyatların onun əli ilə başladığını düşünməyə əsas verir. Görünən odur ki, Paşinyan əvvəlcədən ehtimal edərək və nəticələrini bilərək bu addımı atıb. Bundan başqa, onun hərəkətsizliyi, öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etdi. Hərbçilərin valideynləri təzyiq göstərəcək ki, iş açılsın və baş nazir məsuliyyətə cəlb olunsun”.

Siyasi şərhçi Razmik Akopcanyanın qeydləri də erməni cəmiyyətinin ovqatını əks etdirir. Onun yazdıqlarına diqqət edək: “Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi proseslər, Avropanın qaz asılılığı… İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividentlər yığdı. ”Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndində öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”.

Ermənistan cəmiyyətindəki bədbinlik göz önündədir və xaotik müqavimət mərkəzlərinin yaranması da bu pessimist əhvaldan doğur. Rus sülhməramlılarının orada olması müəyyən dövrdə ermənilərdə bir az ümid yaratsa da, siyasi şərhçinin yazdıqlarından da məlum olur ki, artıq onlar Rusiyadan da əllərini üzüblər. Yeganə yol Azərbaycan polisinə və əsgərinə sığınmaqdır.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Paşinyana qarşı vahid cəbhə yaratmaq cəhdləri var: “Vaxtilə Sərkisyana qarşı Nikol Paşinyanın ətrafında birləşən ermənilər 44 günlük Vətən müharibəsində ”dəmir yumruğun” ağırlığını hiss etdikdən sonra, xüsusilə də son bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair xəbərlərin dolaşdığı bir zamanda ona qarşı vahid cəbhə yaratmağa çalışırlar. Bu cəbhədə keçmiş prezidentlər Köçəryan və Sərkisyanla yanaşı, daşnaklar, başda Tsarukyan olmaqla sağ mərkəzçilər, rusiyayönümlülər və o cümlədən qərbyönümlülər, hamısı birləşib. Lakin erməni cəmiyyətini olduqca bədbinləşdirən məsələ Paşinyanın bu adıçəkilən qruplar arasında ən rasional seçim olmasıdır. Belə demək mümkünsə, “pislər içərisində nisbətən daha az pis”. Paşinyana qarşı vahid cəbhədə bu qədər bir-birinə zidd qrupların yer alması, Qarabağın ermənilər üçün əslində siyasi prioritet məsələsi olmadığını və daha böyük məna kəsb etdiyini göstərir. Lakin onlar nə qədər “yol xəritəsi” yaratmağa və izləməyə dəvət etsələr də, artıq “Zəngəzur yolu” başda olmaqla, Azərbaycanın maraqları çərçivəsində hazırlanan siyasi və coğrafi “xəritələr” artıq icra olunmaqdadır. Həmçinin qeyd edilməlidir ki, Paşinyana qarşı əhalini etiraza çağıranların mitinqi də çoxsaylı və qarşısıalınmaz qüvvə deyildir və bunu Ermənistanda “Xalqın Səsi” ekspertlər qrupunun üzvü Arman Qukasyan da etiraf edir. O, İrəvanın Azadlıq meydanında elə də çox adamın yığışmadığını bildirir və əlavə edir ki, erməni xalqı Paşinyanın “Qarabağ” siyasətini təqdir etməsə də, parlamentdəki müxaliflərə də güvəni yoxdur.

Odur ki, Paşinyana qarşı məhkəmə iddiası qaldırılmasını tələb edən, ölən erməni əsgərlərinin anaları da, meydanda aclıq aksiyası keçirən müharibə veteranları da, aksiyanın digər iştirakçıları da böyük çoxluğu deyil, azlığı əks etdirirlər. Erməni cəmiyyətinin hərəkətverici qüvvələrinə açıq mesajlar verərək, sülh prosesinin sürətlənməsinin və nəhayət olaraq imzalanmasının, Qarabağda sülhün və əmin-amanlığın bərqərar olmasının, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin siyasi rəhbərliyi altında yaşamasının əslində onların özü üçün faydalı nəticələrə gətirib çıxaracağını tez-tez xatırlatmaq lazımdır. Sülhməramlı qüvvələrin Qarabağda əbədi qalmayacağını, 5 illik mandatları bitdikdən sonra bölgəni tərk edə biləcəklərini, Qarabağın Ermənistanla birbaşa əlaqəsinin Azərbaycanın başı üzərindən artıq mümkün olmayacağını, mütləq və ya gec-tez ermənilərin bütün bunları qəbul etməli olacağını və prosesi uzatmaqla, sadəcə, zaman itirdiklərini erməni cəmiyyətinə çatdırmaq lazımdır. Bunun üçün onlarla kontaktların yaradılması, cənab Prezidentin 12 aprel müşavirəsində də vurğuladığı kimi, ATƏT-in çərçivəsində ictimaiyyət nümayəndələrinin qarşılıqlı görüşləri və fikir alış-verişinin intensivləşdirilməsi faydalı ola bilər”.

QAT sədri Akif Nağı ermənilərin bu düşüncəyə gəlmələrini normal sayır: “Ermənilər doğrudan da ağır durumdadırlar. Öz ağılları ucbatından çıxılmaz vəziyyətə düşüblər. Hələ ki millət ola bilməmiş bu toplumun gələcəyi necə qərar qəbul edəcəklərindən asılı olacaq. Ya həmişəki kimi alət olaraq qalacaq, yeni məhrumiyyətlərə düçar olacaqlar, ya da dövlət, millət olmaq yolunda azacıq da olsa, addımlar atacaqlar. Paşinyanın təmsil etdiyi qrup bunu başa düşür, reallığı düzgün qiymətləndirməyə çalışır, Azərbaycan və Türkiyə faktoru ilə hesablaşmağın yeganə çıxış yolu olduğunu başa düşür, bu yöndə addımlar atmağa çalışır. Amma bu xəttə müqavimət də güclüdür. Sizin də qeyd etdiyiniz kimi, Paşinyanı cinayət məsuliyyətinə cəlb etməyə çağıranlar da var. Onlar Paşinyanı bilərəkdən məğlubiyyətə getməkdə suçlayırlar. Deməli, Ermənistan cəmiyyətinin bu hissəsi hələ də reallığı düzgün qiymətləndirməyi bacarmır. Amma Azərbaycan hakimiyyətinin Xankəndində bərpa olunacağının labüdlüyünü başa düşən, bunun ermənilərin özləri üçün çıxış yolu olduğunu anlayan kəsim də var və onların sayı getdikcə artır. Azərbaycanın Xankədinə qayıdışı prosesi normal şəkildə davam edir. Bu prosesə Ermənistanın daxilində və xaricində mane olan qüvvələr var. Daxildəkilər Azərbaycanın qələbəsini həzm edə bilməyən millətçilər, bir də vəziyyətdən istifadə edib hakimiyyətə gəlmək istəyənlərdir. Onlar aksiyalar keçirir, müraciətlər edir, aranı qarışdırmağa çalışırlar. Xaricdən gələn səslər isə daha çox xristian amili ilə bağlıdır. Regionda Azərbaycan və Türkiyənin söz sahibi olmasını, xristian Ermənistan faktorunun heçə enməsini qəbul edə bilmirlər, vəziyyəti dəyişdirməyə çalışırlar. Bunun üçün bəlkə də son varianta əl atdılar, ”xüsusi nümayəndələr”in basqısını təşkil etdilər. Bu, həm də onların Azərbaycanın mövqeyi ilə hesablaşması deməkdir. Azərbaycan həmsədrləri rədd etdi, onlar razılaşmalı oldular, amma həmsədrləri xüsusi nümayəndə adı altında yenidən diriltməyə cəhd göstərirlər. Ona görə də rəsmi Bakı diqqətli olmalı, mövqeyindən geri çəkilməməlidir. Artıq Ermənistan da, böyük güclər də bu mövqe ilə hesablaşır. Rusiya anlayır ki, uzun müddət regionda qala bilməyəcək, yerini torpağın həqiqi sahibinə təhvil verib getməlidir. Bunu xoşluqla və daha tez etsə, öz xeyrinə olacaq. Amerika da anlayır ki, regionda rus əsgərindənsə Azərbaycan polisi və əsgərinin nəzarəti daha optimal və bütün tərəfləri qane edən variantdır. Ermənilər də başa düşməyə başlayırlar ki, onların firavan və rahat yaşayışı Azərbaycanın qanuni nəzarəti altında mümkündür, ən təhlükəsiz sığınacaqlarına, Azərbaycanın qanadı altına qayıtmaqdan başqa yolları yoxdur. Hadisələr bu amillərin məcrasında davam edir. Azərbaycan proseslərin bu yöndə inkişafına şərait yaratmalı, amma zopanı da yerə qoymamalıdır”.

“Yeni Müsavat”