Ermənipərəst senator Menendez və həyat yoldaşı ABŞ-da xarici agent elan edilib, əmlakları müsadirə oluna bilərbackend

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan senatoru, ötən ay rüşvət alaraq siyasi “yaxşılıqlar” etməkdə ittiham edilmiş Robert Menendezə qarşı yeni ittiham aktı irəli sürülüb.

Bu barədə “The New York Times“ nəşri yazıb.

Yazıda qeyd olunur ki, Menendez bu dəfə Senatın xarici əlaqələr komitəsində çalışdığı dövrdə Misir agenti kimi fəaliyyət göstərməkdə ittiham edilir.

Belə ki, federal prokurorlar Robert Menendezi, onun arvadı Nadine Menendezi və üçüncü müttəhim Uael Hananı Ədliyyə Departamentində qeydiyyatdan keçirmədən senatorun Misirin xeyrinə işləməsini təşkil etməkdə ittiham ediblər.

Prokurorlar hakimdən Nyu Cersi ştatında Menendez ailəsinə rüşvət kimi verilmiş mənzilin, həmçinin Mersedes-Benz markalı avtomobilin müsadirə edilməsini istəyiblər.

Sözügedən əməllərin Menendezin sadiqlik və inamla bağlı Senat qarşısında ABŞ konstitusiyasına etdiyi andını pozan əməllər olduğu və ona vəzifəsindən istefa verməsi üçün təzyiqləri artıracağı vurğulanıb.

İttihamda onu dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməsini qadağasını açıq şəkildə pozduğu qeyd olunub.

“Görünür, ABŞ-də ilk dəfə olaraq vəzifədə olan senator 2-ci Dünya Müharibəsi dövrünün Xarici Agentlərin Qeydiyyatı Aktında nəzərdə tutulan davranışlarda ittiham edilir”, – “The New York Times“ın araşdırmasında bildirilib.

Vurğulanıb ki, FBİ rəsmiləri və prokurorlar 69 yaşlı Robert Menendez, arvadı 56 yaşlı Nadine Menendez, Uael Hana və digər iki biznesmenə qarşı ötən ay irəli sürülmüş ittihamda Menendez ailəsinin yüz minlərlə dollar, qızıl külçələri və Mersedes-Benz qarşılığında senatorun nüfuzundan istifadə edərək ABŞ-ın Misirə yardımlarının və hərbi satışlarının artırılması sxemi qurublar.

Yeni ittiham aktına əsasən 2018-2022-ci illərdə Menendez, onun arvadı və Uael Hana müxtəlif yerlərdə Misir rəsmiləri ilə görüşüb və senatorun rüşvət müqabilində Misir agenti kimi fəaliyyət göstərməsini təşkil ediblər.

Qeyd olunub ki, Nadine Menendez 2019-cu ilin mayında Vaşinqtondakı steyk restoranında “Mənim sevgilim sizin üçün başqa nə edə bilər” sualı verib.

Lakin ötən ay keçirilmiş məhkəmə dinləməsində müttəhimlərin heç biri özünü müqəssir hesab etməyib.

Qeyd olunub ki, kubalı immiqrantların övladı olan Robert Menendezin ofisi məsələ ilə bağlı bəyanat yayıb.

“Mən həyatım boyunca yalnız bir ölkəyə – ailəmin demokratiyada və azadlıqda yaşamaq üçün seçdiyi ABŞ-a sadiq olmuşam. Ard-arda ittihamların irəli sürülməsi onları doğru etmir”, – bəyanatda qeyd olunub.

Ötən ay ilk ittiham aktı irəli sürüldükdən sonra Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən ayrılıb, lakin o, demokratların Senatdan istefa vermək tələbini qəbul etməyib.

Ötən gün Nyu Cersi və Vaşinqtondan olan bəzi senatorlar daha da irəli gedərək onun Senatdan çıxarılmasının səsə qoyulmasına çağırıblar.

İttiham aktında senator Menendez digər senatorlara Misir hökuməti rəsmiləri adından məktub yazaraq 300 milyon dollarlıq ABŞ yardımını sərbəst buraxmağa inandırmağa çalışmaqda ittiham edilib.

Qeyd olunub ki, Robert Menendez məktubu arvadı Nadine Menendezin təkidi yazıb və daha sonra ona öz şəxsi emaili vasitəsilə göndərib. Nadine Menendez isə Uael Hanaya göndərib və sonuncu emaili Misir rəsmilərinə ötürüb.

İttiham aktında qeyd olunub ki, Robert Menendez Xarici Agentlərin Qeydiyyatı Aktının tələblərindən tam xəbərdar olub. Belə ki, o, həmin dövrdə Ədliyyə Departamentindən Floridadan olan sabiq respublikaçı konqres üzvünün Venezuella ilə əlaqələrində görə sözügedən qanunu pozub-pozmadığını araşdırmasını istəyib.

Qeyd edək ki, bu Menendezə qarşı ilk korrupsiya ittihamı deyil. O, 2015-ci ildə zəngin göz həkimindən 1 milyon dollara yaxın dəyəri olan hədiyyələr, bahalı səyahətlər həmçinin siaysi kampaniya töhfələri almaqda ittiham edilib. İş 2017-ci ildə məhkəməyə təqdim olunsa da jürinin yekun qərar qəbul edə bilməyib./APA