ƏSA Teatrının yaranmasından 5 il ötürbackend

Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv ƏSA Teatrının yaranmasından 5 il ötür.

Teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

“Yeni Gündəm” xəbər verir ki, ƏSA Teatrı ötən 5 ildə böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, vacib layihələr həyata keçirib.

Gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P.Sartrın, P.Turrinin əsərləri olmaqla 9 tamaşa və üç performans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub və uğurla davam etdirir. 2016-cı ildən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.

ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib.

Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib.

ƏSA Teatrı COVID-19 pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırmış və öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşüb. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri uğurla baş tutub. Həmçinin ƏSA Teatrı bu müddət ərzində rəqəmsal monoloq və tamaşa ənənəsini də yaradaraq, inkişaf etdirib.

Vətən müharibəsi dövründə ƏSA Teatrı öz fəaliyyəti ilə xalqımıza və ordumuza dəstəyini göstərib, bu istiqamətdə davamlı layihələr həyata keçirib. Qeyd edək ki, hazırda ƏSA Teatrı İkinci Qarabağ müharibəsinə həsr olunan film-tamaşa hazırlığına başlayıb. Layihənin qələbəmizin bir illiyi ərəfəsində təqdim olunacağı gözlənilir.

5 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. Onlara qarşıdakı illərdə də uğurlar arzulayırıq.

Ayşən Rəhim