Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlərbackend

Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir. Təsadüf deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayı ərzində Azərbaycanın bu bölgənin ölkələri ilə ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub.

Son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etmişdir. Eyni zamanda, bu müddət içində bütün qardaş, dost dövlətlərin başçıları respublikamıza unudulmaz səfərlər edib. Bu bir danılmaz həqiqətdir ki, qarşılıqlı səfərlər, ətraflı müzakirələr də güvənli münasibətin göstəricisi kimi çıxış edir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının V Məşvərət Görüşündə iştirak edib. Azərbaycan Prezidentinin sözügedən Görüşə fəxri qonaq olaraq dəvət edilməsi və keçirdiyi görüşlər mühüm hadisədir. – Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycanın dövlət başçısının Görüşə dəvət olunması onun nüfuzunun, ölkəmizə göstərilən ehtiramın bariz ifadəsidir. Və Azərbaycan Prezidentinin çıxışı, çıxışda toxunulmuş məqamlar yalnız Azərbaycan üçün, Mərkəzi Asiya ölkələri üçün deyil, Avrasiya üçün, bütövlükdə beynəlxalq aləm üçün önəm daşımaqdadır. Prezidentin vurğuladığı kimi, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın işbirliyinin dinamikası artan xətt üzrə inkişaf edir. Bəlli olduğu kimi, Azərbaycanın dövlət başçısı bu il Tacikistana iki dəfə səfər edib. Apreldə baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar, imzalanmış sənədlər dövlətlərarası münasibətlərimizin strateji xarakterini bir daha təsbit və təsdiq etmiş oldu. Dövlət başçısının qeyd etdiyi kimi, son bir neçə il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl qarşılıqlı səfərlər həyata keçirilib ki, bu da təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında deyil, bütün türk dünyası üçün əlaqələrin sıxlaşması inteqraqsiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təbii ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Onu da qeyd edək ki, Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.

Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək.

Aslanova Lalə İlqar qızı/Bakı Qızlar Universiteti