Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamına əsasən bu il respublikanın bütün təhsil müəssisələrində şairin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Dünən “Evrika” liseyində də ölməz şairimizin yubileyi ilə bağlı ədəbi-bədii gecə keçirilib.
“Yenigundem” xəbər verir ki, tədbirdə Mahmud Kaşğari mükafatına, “Cümhuriyyət-100” medalına layiq görülmüş tanınmış şair, yazıçı Rüstəm Behrudi, gənc yazarlar- İntiqam Yaşar, Emil Rasimoğlu, “Evrika” liseyinin təsisçisi Xudu Rzayev və başqaları iştirak ediblər.
1 saat davam edən tədbirdə şairin qısa ömrü sanki xronologiya kimi canlanıb. Şairin “Oxu tar”, “Yenə o bağ olaydı”, “Həyat sevgisi”, “Mənim könlüm deyir ki” şeirləri liseyin V, VI, VII, VIII, IX sinif şagirdləri tərəfindən çox gözəl şəkildə səsləndirilib. Lirik şairin şeirlərinə bəslənmiş mahnıları Uşaq Filarmoniyasının xalq çalğı alətləri ansamblının üzvləri Hüseynov Zəfər, Allahverdiyev Niyaməddin, Əkbərova Rübabənin ifasında verilişi daha rəngarəng edərək bütün qəlbləri kövrəldib.
Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasından Rəsul Rza, Nigar Rəfibəyli, Müşviq, Dilbər səhnəsi iştirakçılara ağrılı-acılı represiya illərini təkrar yaşadıb. Hər bir uşaq canlandırdığı obrazı, söylədiyi şeiri, ifa etdiyi rəqsi çox təbii və canlı şəkildə tamaşaçılara çatdırıb.
Tədbir bütün iştirakçıların səhnəyə gəlişi ilə təntənəli şəkildə başa çatıb.