Əziz Ələkbərli: “Qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq”backend

Milli Məclisin iclasında “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olundu.

İclasda çıxış edən deputat Əziz Ələkbərli çox mühüm məsələlərdən bəhs etdi: “Milli arxiv fondu haqqında” Qanun layihəsi Mədəniyyət Komitəsində müzakirə olunan zaman mən Milli Arxiv İdarəsinin hörmətli sədri Əsgər müəllimdən soruşdum ki, niyə Milli Arxiv İdarəsində 1988-1991-ci illərdə soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası ilə bağlı materiallar yox dərəcəsindədir? Hörmətli sədr cavab verdi ki, arxivdə belə materiallar var, amma məxfi fondda saxlanılır”.

Ə.Ələkbərov dedi ki, ermənilər son 200 ildə addım-addım təkcə torpaqlarımızı işğal etməyiblər, eyni zamanda tarixi yalanları, saxtakarlıqları ilə dünya ictimai fikrini işğal ediblər və bu gün biz torpaqlarımızı işğaldan azad etsək də, informasiya mübarizəsi hələ də davam edir: “Biz Qarabağ həqiqətlərini xeyli dərəcədə dünya ictimaiyyətinə çatdırmışıq, Qərbi Azərbaycan həqiqətlərini isə dünya ictimaiyyətinə qətiyyən çatdıra bilməmişik. Bunun da səbəblərindən biri odur ki, vaxtında Qərbi Azərbaycanla bağlı informasiya bazası yaradılmamışdır. Məsələn, 1988-1991-ci illər hadisələri ilə bağlı tək dövlət qurumlarımızın yox, tək diplomatlarımızın yox, heç alimlərimizin də əlində kifayət qədər fakt, sənəd, material yoxdur. Belə bir vaxtda 1988-1991-ci illər deportasiyası ilə bağlı materialların, o vaxtkı Azərbaycan rəhbərliyində olan Vəzirov rejiminin Qərbi Azərbaycandakı soydaşlarımızın taleyi ilə bağlı laqeyd münasibətinə və Ermənistanda erməni faşistlərinin soydaşlarımıza qarşı törətdikləri saysız-hesabsız vəhşi əməllərinə, vandallıqlarına dair materialların bu gün məxfi fondda gizli saxlanmasının anlamı nədir? 10 ildən, 20 ildən sonra bu materiallar bizim üçün bugünkü qədər əhəmiyyət daşıyacaqmı?”

Deputat digər vacib məsələyə də diqqət çəkdi: “Toxunmaq istədiyim digər məsələ 1988-1991-ci illərdə Ermənistandan qovulan soydaşlarımızın daşıdıqları Ermənistan sovet pasportları barədədir. 1990-cı illərdə Azərbaycanda vətəndaşlara şəxsiyyət vəsiqələri verilərkən Ermənistandan gələn qaçqınlara məxsus və onların Ermənistan vətəndaşları olmasını təsdiq edən həmin pasportlar Daxili İşlər Nazirliyinin pasportstolları tərəfindən yığıldı. Milli Dövlət Arxivinin rəsmilərindən öyrənmək istəyirəm ki, bu pasportların taleyi barədə məlumatları varmı? Çünki bildiyimə görə, 1995-ci ildə Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan tərəfindən Ermənistanda yeni ərazi-inzibati sistem yaradılıb, 36 rayon 10 mərzlə – vilayətlə əvəz edildikdən az sonra kənd və qəsəbələrdə azərbaycanlılara məxsus bütün materiallar məhv edilmişdir. Biz 20-30 il sonra ermənilərə sübut edə bilməyəcəyik ki, bu ərazilərdə 1988-ci ilə qədər bizim soydaşlarımız yaşayıblar. 1990-cı illərdə həmin qaçqınlardan yığılmış Ermənistan pasportları bizim üçün ən tutarlı sənəd olacaq”.