Fermerlərin etirazları Avropanın bir çox ölkəsinə yayıldıbackend

Kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət çəkmək üçün fermerlərin təşəbbüsü ilə keçirilən traktor nümayişləri Avropanın bir çox ölkəsinə yayılıb.

Başda Almaniya, Fransa, İspaniya, Belçika, Hollandiya, Polşa, İtaliya və Macarıstanda fermerlər traktorları ilə Avropa Birliyinin (AB) kənd təsərrüfatı siyasətlərinə etiraz edirlər.

Fermerlər, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə siyasət və qaydaların baha başa gəldiyini bildirərək etirazlarını artırırlar.

Bu etirazların ən güclü və ən geniş yayılmışı ilk dəfə 2019-cu ildə Hollandiyada baş verib, burada 2000-dən çox traktor müxtəlif bölgələrdə nəqliyyatın hərəkətini dayandırıb.

Quru, dəniz və havanın çirklənməsinə səbəb olan azot emissiyalarının azaldılması üçün kəskin tədbirlər görülməsinə çağıran müstəqil komitə hesabatı hökumətə təqdim edildikdən sonra fermerlər traktorları ilə yollara çıxıblar.

Fermerlər sərt tədbirlər tələb edən hesabata etiraz etdilər, çünki sözügedən azot emissiyaları daha çox kənd təsərrüfatı sektorundan qaynaqlanır və tövsiyə olunan tədbirlər sektora təsir edəcək addımlar tələb edir.

Hollandiyanın ardınca Belçikada fermerlər ətraf mühitin mühafizəsi ilə bağlı tənzimləmə xərclərinin artması səbəbindən keçən il traktorları ilə Brüsseldə dairəvi yolda nəqliyyat axını dayandırdılar.

Zorakılıq və intensivliyi artan bu etiraz aksiyalarına son zamanlar Avropanın yeni paytaxtları və şəhərləri də əlavə olunub.

Fermerlər ittifaqın kənd təsərrüfatı siyasəti ilə yanaşı gəlirlərinin azalmasına diqqət çəkərək, Berlin, Paris və Roma ilə yanaşı, digər şəhərlərin də əsas yollarını traktorları ilə bağlayaraq ictimaiyyətin diqqətini çəkməyə çalışırlar.

 Fermerlər artan qanunvericiliyi, dəstəyin kəsilməsini, Rusiya-Ukrayna müharibəsindən sonra yüksək enerji, yanacaq və gübrə xərclərini, Ukraynadan ucuz taxıl məhsullarını və sudan istifadə məhdudiyyətlərini tənqid edirlər.

Avropalı fermerlər həmçinin Aİ-ni “Yaşıl Sövdələşmə çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsi ilə bağlı sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə” görə tənqid edirlər.

Ucuz Ukrayna taxılının idxalına qadağa tələbi xüsusilə Polşa və Rumıniyada ön plana çıxsa da, yanacağın qiymətinin artması Fransada reaksiyaların mərkəzindədir.

Mənbə: TrtHaber

Aynur Camal