23 saylı Nəsimi-Səbail Seçki Dairə Komissiyasının 22 və 23 saylı seçki məntəqələrini “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirməsi müzakirə yaradıb.
”Yeni Gundem” xəbər verir ki, sözügedən dairədə namizəd kimi qeydiyyata alınan memar Elçin Əliyevin etirazlarına görə, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimov onun rəqibidir.
Belə ki, E.Rəhimovun da E.Əliyev kimi 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində namizədliyi qeydə alınıb.
İki məntəqədə də seçkilərin Elnur Rəhimovun ailəsinə məxsus mülkiyyətdə keçirilməsi ciddi narazılıq yaradıb. Bildirilib ki, seçkilərdə Rəhimovların müdaxiləsi qaçılmazdır.
Pravda.az məsələni aydınlaşdırmaq üçün Fidail Rəhimovun özü ilə əlaqə saxlamağa çalışıb, lakin mümkün olmayıb. “Bakı Tikiş Evi”nin Satış şöbəsinin müdiri Etibar Əzimov isə suallarımıza belə cavab verib: “Fidail müəllim nə edəcək? Gedib hamıya yalvaracaq ki, sən Allah, mənim oğluma səs verin? Heç səs verməsinlər. Qanunların pozulub-pozulmadığını bilmirəm. Bu bizə aid məsələ deyil. Fidail müəllim xəstədir, özü cavab verə bilmir”.
O, Fidail Rəhimovun hansı xəstəliyinin olması barədə isə bunları deyib: “Ciddi bir problemi yoxdur. Sadəcə, yaşla əlaqədardır…”