Finlandiya hakimiyyəti Rusiya ilə bütün sərhədi bağlamağı planlaşdırır.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazir Petteri Orponun hökuməti bazar ertəsi Rusiya Federasiyası ilə sərhəddə qalan keçid məntəqələrinin bağlanması barədə qərar qəbul edə bilər. Bu keçid məntəqələrinin çərşənbə günü bağlanacağı gözlənilir.
Hələlik Vartius, Salla, Kuusamo və Raya-Jooseppi sərhəd-keçid məntəqələri açıq qalır.
Noyabrın 17-dən 18-nə keçən gecə isə Finlandiya şərq sərhədində dörd sərhəd məntəqəsini bağlayıb – Vaalimaa, Nuijamaa, İmatra və Niirale.
Orpo-ya görə, hakimiyyət Finlandiyanın şərq sərhədinə son vaxtlar artan “üçüncü ölkə vətəndaşlarının” axınına belə reaksiya verir.
Respublikanın daxili işlər naziri Mari Rantanenin izah etdiyi kimi, qərar 2024-cü il fevralın 18-dək qüvvədədir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Finlandiyanın Rusiya ilə sərhəddəki sərhəd-keçid məntəqələrinin bir hissəsini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır, Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.
Mənbə: mail.ru
Aynur Camal