Fransanın Avropa və XİN rəhbəri Bakıya nə üçün gəlib? – “Fransa proseslərdə mövcudluğunu nümayiş etdirmək üçün bunu etməli idi”backend

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Hər iki ölkənin XİN rəhbəri görüşdən sonra Mətbuat konfransında çıxış ediblər.

Mövzu ilə bağlı “Yeni Gundem”-in suallarını siyasi şərhçi Kənan Novruzov cavablandırdı.

Siyasi şərhçi bildirdi ki, indiki həsas məqamda Fransa xarici işlər nazirinin ölkəmizə səfəri gözlənilən idi. 

“Qarabağda, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə ciddi hadisələr baş verir. Azərbaycan diplomatiyası addım-addım irəliləyir. Belə olan halda, Fransanın Avropa və XİN rəhbəri mövcud vəziyyəti öyrənməli idi. Fransa proseslərdə öz mövcudluğunu nümayiş etdirmək üçün bunu etməli idi. Fransa Avropa İttifaqı Şurasının sədridir. Avropa İttifaqı Ermənistan -Azərbaycan münasibətlərinin normallaşması, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında vasitəçiliyini ortaya qoyan tərəflərdən biridir”.

Onun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov açıq-aşkar bildirirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətlərində fikir ayrılıqları var. 

“Mətbuat konfransında Azərbaycanın XİN rəhbəri həmkarı ilə kifayət qədər sərt danışmalı idi və belə də oldu. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov konfransda Ermənistanın sülh prosesinə qayıdacağına ümid etdiyini bildirdi. Mən də belə düşünürəm. Çünki İrəvanın başqa yolu yoxdur”.

K.Novruzov hesab edir ki, Rusiyaya nisbətən həm ABŞ, həm də Avropa İttifaqı regionda sabitliyin olmasında qismən daha maraqlıdır.

“Hal hazırda İrəvanla Bakı arasında münasibətlərin formalaşmasında üç platforma mövcuddur.

Brüssel platforması,

Vaşinqton platforması,

Moskva platforması

Moskva platforması arxa plana keçib. Ümumiyyətlə həm ABŞ, həm də Avropa İttifaqı regionda sabitliyin olmasında qismən daha maraqlıdır. Çünki, Qərbin prioritetləri iqtisadi maraqlardır. Bunun üçün də təhlükəsizlik əsas şərtlərdən biridir.  Rusiya niyə maraqlı deyil? Rusiyanın Cənubi Qafqazda mövcudluğunu təmin edən gərginlikdir. Əgər bu olmasa Rusiyanın roluna da ehtiyac qalmır. Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır. O, başa düşür ki, Ermənistanın gələcəyi regional əməkdaşlıqdan aslıdır. Rusiya və Qərbin arasında qalib. Hər iki tərəf öz maraqları naminə diktə edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin çətin vəziyyətdə olduğunu açıqladı. Rusiyanın təsiri getdicə azalır. Belə olan halda isə, sülh müqaviləsi ilə bağlı Qərb Ermənistana təsir göstərəcək. Ermənistanın vəziyyəti çox ağırdır. Ölkənin hökumət rəhbərinin ətrafının xeyli sayda mühafizə ilə cəmlənməsi təsadüfü deyil. Paşinyan ağıllı siyasətçidir ki, bu qədər çətinliyə rəğmən manevr eləməyi bacarır. Riskli olsa belə , o , qərar qəbul etməlidir. Ceyhun Bayramov Avropa İttifaqının missiyası ilə bağlı açıq fikirlər səsləndirdi. Təcrübə göstərdi ki, Aİ-nin Ermənistandakı missiyası sülh prosesinə töhfə vermir. Əksinə, onlar regiona daxil olandan sonra Ermənistan həmin qüvvələrə arxalanaraq təxribatlarının yeni mərhələsini başlatdı”,- deyə o qeyd etdi.

Fərahim Rəhimov