Gəncə prokurorluğunda Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilibbackend

Gəncə şəhər prokurorluğunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

“Yeni Gundem” xəbər verir ki,Gəncə şəhər prokurorluğunda Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Gəncədə dövlətçiliyin bərpası və Heydər Əliyev” mövzusunda geniş konfrans keçirilmişdir.

Konfransda Gəncə şəhər, Gəncə və Kəlbəcər hərbi, Daşkəsən, Goranboy, Göygöl, Kəlbəcər və Samux rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra və təhsil müəssisələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Gəncə şəhər prokuroru Azad Qarayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət və Gəncə şəhərində dövlətçiliyin bərpasında Ulu öndər Heydər Əliyevin rolu barədə çıxış etmişdir.

Daha sonra konfrans iştirakçıları hər biri ayrı-ayrılıqda Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, məhkəmə-hüquq islahatları, Ulu Öndərin respublikamıza, xüsusilə Gəncə şəhərinə diqqət və qayğısı barədə çıxışları dinlənilmişdir.

Konfransda Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən daxili və xarici siyasət nəticəsində ərazi bütövlüyünün bərpa olunması, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, əhalinin sosial rifahının yüksəldilməsi xüsusi vurğulanmaqla, bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı səhifələrin yazılacağı, daha yüksək zirvələr fəth ediləcəyi qeyd edilmişdir.

Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinə səfərlərini və bunun nəticəsində şəhərin inkişafını əks etdirən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

Fərahim Rəhimov