Gərginlik pik həddə çatdı!backend

Şimali Koreyadan gələn hədə-qorxu, mütəxəssislər xəbərdarlıq etdi: Müdafiə demək olar ki, mümkün deyil, 10 min insan ölə bilər.

ABŞ və Cənubi Koreyanın birgə təliminə sərt reaksiya verən Şimali Koreya təşkil etdiyi artilleriya təlimində silahlarını nümayiş etdirib. Mütəxəssislər artilleriya sistemlərinin nüvə silahları və raket proqramları qədər təhlükəli olduğu barədə xəbərdarlıq edərkən, ola biləcək hücumda minlərlə mülki insanın həyatını itirə biləcəyini ifadə ediblər.

ABŞ və Cənubi Koreyanın 11 günlük birgə “Azadlıq Qalxanı Təlimi” bölgədə gərginliyin pik həddə çatmasına səbəb olub. Şimali Koreyanın Müdafiə Nazirliyi təlimi “təxribat” və “ehtiyatsızlıq” kimi pisləyib. Şimali Koreya lideri Kim Çen In ölkənin qərbindəki hərbi bazaya səfəri zamanı orduya döyüş hazırlığını gücləndirməyi əmr edib.

Şimali Koreyanın təlimə reaksiyası bunlarla məhdudlaşmayıb. Dünən keçirilən artilleriya təlimində ölkənin silahları nümayiş etdirilərək həm ABŞ, həm də Cənubi Koreya qorxudulub. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyindən (KCNA) verilən xəbərdə artilleriya təliminin cənuba açıq bir mesaj verdiyi bildirilsə də, ekspertlər bu silahların Cənubi Koreya üçün “ölümcül təhlükə” yaratdığını bildirirlər.

CNN International-ın təhlilinə görə, artilleriya hücumlarından müdafiə demək olar ki, mümkün deyil.

Analitik mərkəzin 2020-ci il hesabatında Şimali Koreyanın 6000 böyük silaha malik artilleriya sistemlərinin Cənubi Koreyanın əhəmiyyətli əhali mərkəzlərini hədəf alma imkanının olduğu və bunun Kimin nüvə silahları və raket proqramları qədər böyük təhlükə yaratdığı bildirilib.

BİR DƏQİQƏLİK HÜCUMDA 10 MİN İNSAN ÖLƏ BİLƏR

Hesabata daxil edilən ssenariyə görə, Şimali Koreyanın Cənubi Koreyanın paytaxtı Seulun 2,4 kvadrat kilometrlik ərazisinə 54 reaktiv yaylım atəşi ilə həyata keçirdiyi “cəmi bir dəqiqəlik hücumda” can itkisi 10- minə çata bilər.

Məlumata görə, bombardman başlayan kimi Cənubi Koreya və ABŞ-ın hücumu dayandırması və cavab hücumu təşkil etməsi çox çətin olacaq:

“Şimali Koreyanın artilleriya sistemlərində fiziki müdafiə tədbirləri ABŞ və Cənubi Koreyanın əks-hava zərbələri və əks-artilleriya atəşi həyata keçirməsini çətinləşdirir”.

Şimali Koreya lideri Kim Çen In son aylarda Cənubi Koreyaya qarşı getdikcə daha sərt mövqe tutaraq, Şimalın daha Cənubla barışıq və birləşməyə çalışmayacağını vurğulayır.

Kim Çen In yanvar ayında Cənubu Şimalın “əsas və dəyişməz baş düşməni” adlandırıb və Şimali Koreyanın paytaxtında birləşmə abidəsinin sökülməsinə göstəriş verib. Şimali Koreya lideri dünənki açıqlamasında ordunun mövcud vəziyyətin tələblərinə uyğun olaraq müharibə hazırlığını gücləndirərək dinamik şəkildə yeni dövrə başlamalı olduğunu vurğulayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal