“Ginekoloqlar da COVID-in müalicəsi ilə məşğul olur, ona görə…”backend

Koronavirusun “Delta” ştammının yayılması, ölüm hallarının artması ilə sanki dünya bir-birinə qarışıb. Digər tərəfdən də vaksinlərin virusa qarşı tam olaraq effekt verməməsi narahatlıq doğurub. Bəzi mütəxəssislərsə hələ daha təhlükəli virusların olcağını proqnozlaşdırırlar.

Son günlər isə tanınmış həkimlərin vaksinlərlə bağlı bir-birinə əks olan açıqlamaları insanlar arasında çaşqınlığa səbəb olub. Belə ki, bəzi ekspertlər “Coronavac”ın daha etibarlı olduğunu bildirir, “Pfizer”in gələcəkdə zərər verəcəyini deyir. Bir qisim ekspert də iddia edir ki, “Coronavac” effektsizdir, “Pfizer” daha etibarlıdır. Bu kimi fikir ayrılıqları insanlarda vaksinlərə qarşı inamsızlıq yaradıb. Görəsən, bu cür fikirlər vaksinlərin “siyasi oyuncağa” çevrilməsi ilə bağlıdır, yoxsa həqiqətən də peyvəndlərin yeni ştammlara qarşı qoruyuculuğu aşağıdır?

Son günlər koronavirusa testlərlə də bağlı çoxlu suallar verilir. PCR testindən əlavə, ekspress testlərin düzgün nəticə göstərmədiyi deyilir. Apteklərdən alınan testlər etibarsızdırmı? Bu testləri nə zaman istifadə etmək lazımdır ki, doğru nəticə əldə edilsin?

Bu arada, Rusiyanın “Vektor” dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun “Delta” ştammının suda sağqalma müddətini araşdırıblar. Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. “Vektor”a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur. Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda “SARS-CoV-2″ virusunun canlılığını öyrənmişdilər. Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.

Yeri gəlmişkən, xarici  media xəbər verir ki, epidemioloqlar və virusoloqlar koronavirusdan ölüm riskini üç qat artıra biləcək bir xəstəlik aşkarlayıblar. Periodontitin (dişlərdə iltihab) baxımsız forması COVID-19-dan ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu xəstəlik eyni zamanda reanimasiya şöbələrinə daha yüksək qəbul riskinə də səbəb olur. Mütəxəssislərin fikrincə, periodontit xəstəliyinə laqeyd yanaşma  “sitokin fırtınası”na -təhlükəli immun cavaba səbəb olur. Bu vəziyyətdə, həddindən artıq miqdarda immun hüceyrə əmələ gəlir və ağciyərlərə ötürülür, sepsis simptomlarına bənzər bu hal vəziyyəti sürətlə pisləşdirir. Bu həm də tez -tez nəfəs darlığı, ağır sətəlcəmə keçmə və ölümlə nəticələnə bilir.

Mövzu ilə bağlı bu və digər suallara tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat” a danışıb: “Bütün dünyada artıq koronavirusun ”Delta” variantı yayılmaqdadır və qısa zaman ərzində biz gördük ki, dünyada çox sürətlə yayılıb. Hazırkı məlumata görə dünyanın artıq yüzdən çox ölkəsində “Delta” variantı yayılmaqdadır. Bildiyiniz kimi,  “Delta” variantı koronavirusun Hindistan variantının mutasiyası nəticəsində əmələ gəlib. Əsas xüsusiyyəti yoluxuculuq əlamətinin  çox olmasıdır.  Yəni Covid 19-la müqayisədə daha çox insanları  yoluxdurur.  Digər tərəfdən, hətta maskaları taxtıqda belə bu ştamma yoluxmaq olur. Bir çox mütəxəssislər deyirdilər ki, “Delta” ştammında  yoluxuculuq çox olsa da, ölüm hallarında  o qədər də artım olmayacaq. Amma biz artıq bunun əksini görürük. Ölkəmizdə görürük ki, gündəlik  30 ölüm hadisəsi baş verir. Hələ bu COVID-19 testi pozitiv çıxanların statistikasıdır.  COVID-19 testi verməyən, amma yoluxub  dünyasını dəyişənləri  hələ burada hesablamırıq. Mən hesab edirəm ki, bizdə rəsmi ölüm sayı 30 nəfərdisə, qeyri-rəsmi olaraq bu rəqəm təqribən 50 nəfərdir”.

Tibb üzrə fəlsəfə doktoru həkimlərin vaksinlərlə bağlı söylədikləri zidd fikirlərə də münasibət bildirib:

“Dünyada COVID əleyhinə mövcud olan vaksinlərin hamısı bu infeksiyaya qarşı effektlidir. Amma bunun  effektlilik  dərəcəsi var. Tutaq ki, bir vaksində bu effektlilik dərəcəsi yüksəkdir, digərində azdır. Ona görə vaksinasiya prosesinin aparılması mütləqdir. Kimlərə ki, vaksin vurulub, həmin insanlar xəstəliyi yüngül keçirir. Bu gün ağır keçirən xəstələrin böyük əksəriyyəti vaksinindən kənarda qalan şəxslərdir. Vaksin olunmayanlar  insanlarda  hazırda ağır keçirmə halları müşahidə edilir.

Təbii ki, viruslar mutasiyaya uğrayır. Mutasiyaya uğrayan viruslara vaksinlərin  effektivlik dərəcəsi nisbətən aşağı düşür. Tutaq ki, COVID 19 infeksiyasında hər hansı bir vaksinin effektlik dərəcəsi doxsan beş, doxsan altı faizdirsə,  virus mutasiyaya uğrayanda bu 90 faizdən də aşağı düşə bilər. Amma yenə 90 faizdən aşağı düşsə də, yenə onun effektivlik dərəcəsi yüksəkdir. Bir var, insan vaksin olunub COVID infeksiyasını yüngül keçirə , ölüm halı da az ola, bir də var,  həmin insan vaksinasiya olunmur  və ölüm halı da çox olur.  Yəni vaksin olanlarla olunmayanlar  arasında ölüm sayında ciddi fərq var.

Sizinlə razıyam, hazırda həkimlər hər biri ayrı- ayrı açıqlamalar verir. İnsanlar da bilmir ki, kimə inansın, kimin yazdığına və yaxud da kimin dediklərinə inansın. Təbii ki, insanlar mütəxəssislərə müraciət etməlidir. Bu işdə kütləvi informasiya vasitələrinin böyük rolu var. Bəzən kütləvi informasiya vasitələrində cərrah, yaxud da fizioterapevt kimi işləyən, qeyri mütəxəssislər COVID  mövzusunda açıqlama verirlər. O infeksionist deyil, mütəxəssis olmadığına görə tam düzgün, dolğun məlumat çatdıra bilmir.

Bu da insanlar arasında çaşqınlığa səbəb olur. Digər bir tərəfdən də ki, məsələnin ciddi bir tərəfi ondan ibarətdir ki, bu dəqiqə COVID-19-la bağlı infeksionistlərlə yanaşı digər həkimlər də məşğul olur. Cərrahlar,  hətta ginekoloqlar , oftalmoloqlar COVID-lə məşğul olur. Hamısı öz peşəsini kənara qoyub, koronavirusla məşğul olur.  Bu da insanlar arasında müəyyən çaşqınlığa səbəb olur və insanlar həm düzgün maariflənmir,  həm də düzgün istiqamətdə müalicə olunmur. Bu istiqamətdə açıqlamalari infeksionistlər verməlidir.

Bu istiqamətdə aparılan ilkin müalicələri- istər ev şəraitində, istərsə də xəstəxana şəraitində, olsun bunu infeksionistlər etməlidir. Əgər xəstə ağırlaşar, xəstəxanaya düşərsə,  infeksionistlə yanaşı, reanimatoloqların da köməyinə zərurət yaranır”.

İnfeksionist koronavirusu müəyyən edən testlər barədə də danışıb: “Koronavirusa qarşı dünyada ən effektli üsul PCR müayinəsidir – yəni Polimeraz Zənciri Reaksiyası bizə daha dəqiq informasiya verir. Amma digər ekspress testlər koronavirusla bağlı ciddi nəticələr vermir. Onlar nisbi nəticələr də verə bilər. Bu ekspress testlərlə COVID-19 infeksiyasına tam dəqiq diaqnoz qoya bilmərik. Bununla belə, insanlar özlərində subfebril hərarət (37-37,9 °C), əzələ ağrıları, tərləmə, boğazda ağrı, burun tutulması, qarın, mədə-bağırsaq pozğunluğu kimi əlamətlər hiss eləyərsə, mütləq PCR müayinəsinə gedilməlidir.

PCR müayinəsi xəstəliyin birinci həftəsində veriləndə tam dəqiq, düzgün informasiya verir. Artıq xəstəliyin ikinci həftəsinə keçəndə insan koronavirus infeksiyasına yoluxsa belə, PCR nəticələri mənfi ola bilər. Ona görə ilk gündən insanlarda hərarət və sadaladığım digər əlamətlər müşahidə edilərsə, insanlar PCR testi  verməlidir. Hər hansısa bir ekspress testlərin aparılması  diaqnostikada tam özün təsdiq etməyib. Son diaqnozu PCR müayinəsi qoyur”.