Kanada hökumətinin qəbul etdiyi yeni “Onlayn media” qanununa görə “Google” şirkəti ölkədə fəaliyyət göstərən xəbər saytlarına hər il 74 milyon dollar ödəyəcək.
“Yeni Gundem” xəbər verir ki, bunu açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
Buna səbəb isə xəbər saytlarının materiallarının “google”də yayımlanmasıdır. Yeni qanuna görə, “Google” və bütün məşhur sosial şəbəkələr ölkədə fəaliyyətini davam etdirmək istəyirsə, saytlara ödəniş etməlidir, çünki onların beyin məhsullarından, materiallarından istifadə edir. Qanun xəbər saytlarına girişin azaldığı və bütün reklamların sosial mediaya ayrıldığı üçün qəbul edilib.
Qeyd edim ki, ötən il Fransa məhkəmələri də “Google”ni reklam bazarında rəqabəti pozduğuna görə 150 milyon dollar cərimələmişdi.
Düşünürəm ki, eyni durum ölkəmizdə də mövcuddur. Sosial şəbəkələr və xarici saytlar medianın reklam bazarını tamamilə “udub”, mediamız uzun illərdir ki, reklam bazarı formalaşdıra bilmir.
Jurnalistlərimiz təkcə özləri ilə deyil, həm də milyard dollarlıq büdcələri olan dünya nəhəngləri ilə mübarizə aparır. Belə bir durumda reklam əldə etmək, oxucu cəlb etmək, sosial mediadan asılılığı azaltmaq və bunları etik dəyərlərə, jurnalistika prinsiplərinə uyğun şəkildə etmək böyük qəhrəmanlıqdır.