Goranboyda deputat və başçının təşəbbüsü ilə şəhid doğum günündə yad edildi – FOTOLARbackend

Bu gün II Qarabağ müharibəsi zamanı şəhid olan Qasımov Tural Yelmar oğlunun anadan olduğu gündür. Bu münasibətlə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin məzarını ziyarət edib. Burada şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi Tural Qasımov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edərək şəhidlik zirvəsinə ucalıb.

Deputatın köməkçisi və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları daha sonra şəhidin evinə gələrək onun ailə üzvləri ilə görüşüb, qayğıları, problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.