Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə qanlı qarşıdurmabackend

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Hadisə ötən gecə Saqarecoda (Kaxeti) baş verib. Cinayətin qadının keçmiş əri tərəfindən törədildiyi bildirilir.

Məlumata görə, 35 yaşlı qadının vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

“Qadının bədənində çoxlu yara var, ən böyüyü sağ bud nahiyəsindədir – açıq sınıq yarasıdır. Pasiyent müvafiq hazırlıqdan sonra əməliyyat şöbəsinə köçürüləcək. Ümumi vəziyyəti ağırdır, biz hər şeyin yaxşı bitməsini təmin etmək üçün əlimizdən gələni edirik”, – deyə xəstəxananın həkimi Pavle Petriaşvili jurnalistlərə bildirib.

Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına çoxsaylı xəsarət yetirib, daha sonra qadının hazırkı ərinə bir neçə dəfə atəş açıb. 40 yaşlarında olan kişi yerindəcə keçinib.

Cinayətin nədən baş verdiyi məlum deyil. Əraziyə kriminal ekspertlər cəlb ediliblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “Öldürməyə cəhd” maddələri ilə istintaq başlanılıb.

Oxu.az